Sosial şəbəkələri və xaricdən idarə olunan internet resursları qanunla tənzimləmək mümkündür?

Ekspert: “Normalda onlayn media onsuz da KİV haqqında qanunla tənzimlənir və məzmun baxımından bütün məsuliyyəti də müəyyən olunub”
###reklam250###

“Təəssüf ki, son 15 ildə parlament hansısa azadlığı düşünmək üçün qanun qəbul etməyib”.

Bu sözləri media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli onlayn media ilə bağlı qanunun qəbul edilməsi təklifini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov dünən Milli Məclisdə təklif edib ki, onlayn media ilə bağlı yeni qanun qəbul edilsin. Mətbuatın bir sıra problemlərinə toxunan Əflatun Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Mətbuat Şurasının sədrinin sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər. Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatırladan Ə. Amaşov çıxışında qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.

Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirən millət vəkili qeyd edib ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır: “Faydalı dəyişikliklərdən biri kimi mən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, deməli, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olaq. Məsələ bu günümüz üçün çox vacibdir”.

İnformasiya təhlükəsizliyi məsələsinə də toxunan Mətbuat Şurasının sədri vurğulayıb ki, müəyyən dövlət sənədlərində təhlükəsizlik məsələsi öz əksini tapır, lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır: “Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.

Maraqlıdır ki, internet medianı KİV haqqında qanunun tələblərindən ayırmaq nə qədər doğrudur və dünya praktikasında onlayn medianı ayrıca qanunla idərə edən ölkələr varmı? Ümumiyyətlə, artıq qlobal informasiya-media məkanı olan sosial şəbəkələri, o cümlədən xaricdən idarə olunan və bu və ya digər şəkildə ayrı-ayrı ölkələrin milli təhlükəsizliyi, həmçinin hakimiyyətləri üçün təhlükəyə çevrilən internet-media resurslarını ayrı-ayrı ölkələrin qanunları ilə idarə etmək imkan daxilindədirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin fikirlərini öyrənib.

Ələsgər Məmmədli: “Beynəlxalq hüquqi aspekt və sənədlər çərçivəsində ölkədə mətbuat azadlığı onsuz da məhduddur”.

Azərbaycanda daha çox azadlıqların məhdudlaşdırılmasına “tənzimləmə” deyildiyini vurğulayan media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədliyə görə, internet resurslarına məhdudiyyət qoyulması informasiya savaşında məğlub olmağa şərait yaradan problemlərdən biridir:

“Əslində bu təklifin hansı səbəbə uyğun olaraq irəli sürüldüyünü bilmirəm. Əlbəttə ki, bu aspekti Mətbuat Şurasının sədri bilər. Lakin hüquqda tənzimləmə varsa və hansısa problem yaratmırsa, bu artıq yetərli olmalıdır. Azərbaycanda hüquqi tənzimləmə deyəndə konkret olaraq nəyin nəzərdə tutulduğunu anlamaq olmur. Çünki bizdə daha çox azadlıqların məhdudlaşdırılmasına “tənzimləmə” deyirlər.

Normalda onlayn media onsuz da KİV haqqında qanunla tənzimlənir və məzmun baxımından bütün məsuliyyəti müəyyən olunub. Texniki tərəfdən də müəyyənləşib. Bu aspektdən hansısa tənzimləmə boşluğu yoxdur. Belə olan halda təkrar qanunun lazım olduğu bildirilirsə, mətbuatın məhdudlaşdırılması ilə bağlıdır. Beynəlxalq hüquqi aspekt və sənədlər çərçivəsində ölkə mətbuatı onsuz da məhduddur.

Bu məsələnin təkrar gündəmə gətirilməsi tamamilə susdurmanın yollarının axtarılması ilə bağlıdır. Bu gün 50-dən çox media qurumu blok edilib, eyni zamanda hər kəs bütün əmrlərə riayət edir, prokurorluq baş redaktorlara xəbərdarlıq edir və s. Yəni hüquqi və pratik baxımdan internet media bütünlüklə nəzarət altındadır. Belə olan halda əlavə tənzimləməni nəzərdə tutulması konkret bağlamaqdan ibarətdir.

Ələsgər Məmmədli: “Dövlət “milli mənafe” deyib hansısa internet resursuna qadağa qoyursa, sadəcə özünə ziyan edir”.

Bu gün Azərbaycanda onlayn medianın problemi azadlıqla bağlıdır. Bu azadlığı qanunvericiliklə tənzimləmək üçün konstitusiyanın normalarına əməl etmək lazımdır. Bizdəki problem funksional problemdir. Təəssüf ki, son 15 ildə parlament hansısa azadlığı düşünmək üçün qanun qəbul etməyib. Ümumiyyətlə, internet beynəlxalq şəbəkədir və bu şəbəkə bir ölkənin monopoliyasına aid deyil. Nəticə etibarilə xəttə qoşulduqda mövcud olan standartlara əməl etməli olursan. Eyni zamanda infrastruktur da o standartlara uyğun qurmaq lazımdır. Bu baxımdan bir ölkənin interneti tənzimləməsi sadəcə bloklama çərçivəsində baş verə bilər.

##relatedPost2##

Azərbaycan artıq il yarımdır ki, öz resurslarını bloklayır. Beləliklə, informasiya mübarizəsində uduzur. APA kimi önəmli struktur bağlanıldı, Azadlıq radiosu daxil, 50-dən çox internet resursuna giriş məhdudiyyəti qoyuldu. Biz mətbuata məhdudiyyətlər qaiymaqla əslində informasiya təhlükəsizliyi və dövlət mənafəyi baxımından uduzuruq.

Dövlət “milli mənafe” deyib hansısa internet resursuna qadağa qoyursa, sadəcə özünə ziyan edir. Çünki alternativ resurslar mövcuddur. Bu resurslar bütün dillərdədir və hər hansı bir ölkədə internetə çıxış olduqca bir sıra proqramlar vasitəsilə məhdudiyyət qoyulmuş resursu izləmək olur”.

Gülşən ŞƏRİFpia.az