Küçədə qalan ailə sosial sığınacağına yerləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I qrup əlil Kifayət Hüseynovanın küçədə qalması ilə bağlı məsələni araşdırıb
###reklam250###

PİA.AZ xəbər verir ki,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Fazil Talıbov rəsmi "facebook" səhifəsində məlumat verib:

"Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 129 ünvanında qeydiyyatda olan I qrup əlil Kifayət Hüseynovanın “Space” Teleradio Şirkəti yaxınlığında küçədə qalması ilə bağlı yayılan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Nazirlik əməkdaşları Kifayət Hüseynova ilə görüşüblər.

Vətəndaşa qanunvericiliyə uyğun olaraq sosial təminatla bağlı nəzərdə tutulan hüquqlardan istifadə təklif olunsa da, o bunlardan imtina edib. Kifayət Hüseynova şəxsi yaşayış yeri ilə təmin olunmasını tələb edib. Ona bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunub.

Qızı Aygün Hüseynova əmək qabiliyyətli olduğundan ona iş təklif olunub. Lakin anasına qulluq etdiyinə və azyaşlı övladı olduğuna görə işləyə bilməyəcəyini deyib. Soyuq havada küçədə ailənin qalmaması üçün nazirlik əməkdaşlarının təkidindən sonra Kifayət Hüseynova və ailəsi nazirliyin sosial sığınacağına yerləşdiriliblər.

Sığınacaqda qadınlar üçün nəzərdə tutulan otaqlar 3-cü mərtəbədə olduğu üçün o, səhhəti ilə əlaqədar ora qalxa bilməyəcəyini əsas gətirib. Və binanın 1-ci mərtəbəsində görüş üçün nəzərdə tutulan yerdə müvəqqəti yerləşdirilib. Amma burda da qalmaq istəmədiyini bildirir. Məlumat üçün bildirim ki, Kifayət Hüseynova təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 martda birdəfəlik maddi yardım, 14 iyunda Ramazan bayramı münasibəti ilə ərzaq yardımı, 29 iyulda Qubada istirahət mərkəzinə göndəriş, 15 avqustda Qurban bayramı münasibəti ilə ərzaq yardımı ilə təmin edilib.

P.S. Kifayət Hüseynova sığınacaqda qalmaq istəmədiyini deyərək bacısıgilə gedib".

Gülşən ŞƏRİF

pia.az