“İlqar Məmmədovun irəli sürdüyü fikir yeni deyil” – Sərdar Cəlaloğlu

Partiya sədri: “Payızda növbədənkənar parlament seçkilərin keçirilməsi hökümətin planında var”
###reklam250###

“Siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib”.

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu REAL sədri İlqar Məmmədovun növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu gün REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O, bildirib ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir. İlqar Məmmədov “facebook” səhifəsində “Əgər İlham Əliyev dövlətin idarə edilməsində siyasi tarazlıq prinsipini görürsə və ictimai-siyasi vəziyyətdə gərginlik istəmirsə, Milli Məclisə növbədənkənar seçkilərə razılaşmalıdır. Ancaq bu seçkilər bir oliqarxa məxsus “cib deputatları”nın digər oliqarxın “cib deputatları” ilə əvəzlənməsi yolu ilə olmayacaq”, fikirlərini yazıb.

PİA.AZ-ın əməkdaşı REAL Partiyasının sədri İlqar Məmmədovun bu təklifi ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirni öyrənib

Sərdar Cəlaloğlu: “Referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir”.

İlqar Məmmədovun irəli sürdüyü fikrin köhnə ideya olduğunu vurğulayan ADP sədri Sərdar Cəlaloğluna görə, təklifdən asılı olmayaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir:

“İlqar Məmmədovun irəli sürdüyü fikir yeni deyil. Referendum keçirildikdən və yeni kontitutsiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtı ilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi.

Payızda növbədənkənar parlament seçkilərin keçirilməsi hökümətin də planında var. Bu barədə artıq bəyanatlar da verilib. Bu baxımdan İlqar Məmmədovun ideyası köhnədir. Siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib”.

Gülşən ŞƏRİFpia.az