Tramp Kremlə vədini heç vaxt reallaşdıra bilməz - Təhlil

Rusiya-ABŞ mübahisəsi sistemli şəkildə oturuşmuş və uzunmüddətli dövr üçün hesablanmış bir ixtilaf konsepsiyasıdır
###reklam250###

Trampın ABŞ-ın əsas siyasi institutları ilə bərabər Rusiya ilə apardığı oyun “yaxşı və pis polis oyunu”nu xatırladır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq hesab edir ki, Rusiya-ABŞ mübahisəsi sistemli şəkildə oturuşmuş və uzunmüddətli dövr üçün hesablanmış bir ixtilaf konsepsiyasıdır:

“Dünyanın bölünməsində və onun təsir dairələrinə parçalanmasında bu iki dövlətin xüsusi rolu var. Bu baxımdan da Kreml nə qədər mötədil davranış sərgiləsə də, bu, ABŞ tərəfindən qəti şəkildə qəbul olunmur. Çünki ABŞ Rusiyanı nəinki özünün əsas rəqiblərindən, hətta düşmənlərindən biri sayır. ABŞ hesab edir ki, Rusiyaya ən yaxşı halda onun milli sərhədləri çərçivəsində təsir edə və lazım gəldikdə Rusiyadaxili proseslərə nüfuz edə bilər. Təbii ki, bu, Moskvanın ürəyincə olmayan bir yanaşmadır. Rusiya məhz bu səbəbdən də sərhədlərindən kənara çıxaraq təsir dairələrində öz mövqelərini gücləndirir. Söhbət ilk növbədə postsovet məkanından gedir. Rusiya həmçinin Avropada, Uzaq Şərqdə və Cənubi Amerikada dayaq nöqtələri formalaşdırmaqla ABŞ-ın təzyiqlərini yox etməyi hədəfləyir”.

##relatedPost##

Politoloqun fikrincə, burada Kremlin iki böyük niyyəti var:

“Birincisi, Rusiya artıq fövqəlqüvvə qismində tanınmaq istəyir. İkincisi, Rusiyanın müxtəlif regionlarda formalaşdırmaq istədiyi təsirlərin bilavasitə iqtisadi qazanclara, referensiyalara aidiyyəti var. Rusiya texnologiya, neft-qaz və başqa sahələrdə eksport potensialından istifadə etmək niyyətindədir. Bu fonda ABŞ Rusiyanı həqiqətən də uzaqgörənliklə sıxışdırır. ABŞ çox yaxşı anlayır ki, Rusiyanın müqavimət imkanları var və onları dəf etməkdən ötrü sanksiyaları genişləndirir. Bu mənada yaxın gələcəkdə Trampın ölkəsi ilə əməkdaşlıq edəcəyi halda Moskvaya qarşı sanksiyaları ləğv edə biləcəyi ehtimalı tamamilə reallıqdan uzaqdır. ABŞ-da son qərarı Konqres və Senat verir. Bu qanunverici orqanların sözü ilə oturub-duran Pentaqon isə hər il durmadan silahlanma kampaniyasını genişləndirir. Təbii ki, siyasi lobbiçilər də bu paylardan öz xeyirlərini götürürlər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə əməkdaşlıq edəcəyi halda Moskvaya qarşı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb.

pia.az