Rusiya ABŞ üçün İrana çevrilir? – Yeni sanksiyalardan belə görünür...

ABŞ-ın İrana qarşı sərgilədiyi münasibəti Rusiyaya qarşı sərgilədiyi halda dünyada hansı siyasi və iqtisadi dəyişikliklərin baş verəcəyini yaxın bir neçə aydan sonra görməyə başlayacağıq
###reklam250###

Bildiyimiz kimi, avqustun 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nolet Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Hizer Nolet ABŞ Dövlət Departamenti adından elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi nəzərdə tutulur.

Ağ Evdən gələn yeni sanksiyalar isə Rusiya üçün çox gözlənilməz olub və Rusiya siyasi dairələri bu sanksiyaları anlaşılmamazlıq və çaşqınlıqla qarşılayıb. Çünki prezidentlərin Helsinki görüşündən sonra belə sərt sanksiyaların məhz Dövlət Departamenti tərəfindən elan olunacağı doğrudan gözlənilməz idi və əslində rusların çaşqınlığı başadüşüləndir. Helsinki görüşündən sonra Putinin qalib görüntüsü ruslara belə bir rahatlıq vermişdi ki, Tramp Rusiyaya qarşı kəskin addımlar atmaqdan çəkinəcək. Lakin Helsinki görüşünün təəssüratları ortada ikən Dövlət Departamentinin bu günə qədər tətbiq edilən sanksiyaların hamısından daha kəskin sanksiyaları anons etməsi doğrudan aydın səmada ildırım effekti yaratdı. Həm də Böyük Britaniyanın Solsberi şəhərində baş verən kimyəvi zəhərlənmə hadisəsinə görə ABŞ-ın Rusiyaya qarşı bu qədər sərt və sərt olduğu qədər də alçaldıcı sanksiyalar tətbiq etməsi doğrudan gözlənilməz idi.

Qeyd edək ki, sanksiyaların birinci paketi avqustun 22-də qüvvəyə minəcək və bu sanksiyaların tətbiqini ABŞ prezidenti Donald Tramp imzalayacaq. Birinci paketdə nəzərdə tutulan sanksiyalar ikinci paketə nisbətən daha yumşaq görünsə də, Dövlət Departamentinin şərhinə görə bu sanksiyalar indiyə qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların hamısından daha sərt xarakterlidir və ehtimala görə bu sanksiyalar Rusiya iqtisadiyyatının 70-80 faizinə təsir edəcək. Hər şeydən əvvəl Rusiyaya ikili təyinatlı malların satılması qadağan edilir ki, bura da ABŞ-da istehsal olunan bütün elektron cihazların Rusiyanın dövlət müəssisələrinə satılması qadağan edilir. Söhbət iqtisadiyyatın bütün sahələrini əhatə edən texnologiyanın Rusiyaya satılmasının qadağan olunmasından gedir. İndiyə qədər belə bir sanksiyalar ABŞ tərəfindən ancaq Şimali Koreyaya və İrana qarşı tətbiq edilib.

##relatedPost##

Sanksiyaların ikinci paketi isə Rusiya üçün daha aşağılayıcı xarakter daşıyır. Belə ki, 90 gün ərzində Moskva Vaşinqtona bir daha qadağan olunmuş kimyəvi və bioloji silahlardan istifadə etməyəcəyi ilə bağlı tam təminat verməli və BMT-nin ekspertlərinə Rusiya kimyəvi silah bazalarında yoxlamalar aparılması üçün icazə verməlidir. Etiraf etməliyik ki, hələ bu günə qədər heç bir dövlət Rusiyaya bu şəkildə aşağılayıcı tonda ultimatum verməyib və bu ultimatumun qəbulu faktiki olaraq Rusiya üçün mümkün deyil. Çünki Rusiya ABŞ-a kimyəvi və bioloji silahlardan istifadə etməyəcəyi ilə bağlı tam təminat verdikdən və BMT-nin ekspertlərinə Rusiya kimyəvi silah bazalarında yoxlamalar aparılmasına izn verdikdən sonra faktiki olaraq Solsberidə kimyəvi silah tətbiqini etiraf etmiş olacaq və bu etiraf avtomatik olaraq Rusiyanını terrorist dövlət olduğunu isbatlayır. Digər tərəfdən ABŞ-a təminat verməklə Rusiya faktiki olaraq fövqəldövlət olmaqdan çıxır. Bütün bunlar isə təbii ki, bu günə qədər Vladimir Putinin yürütdüyü siyasətə qarşı daban-dabana ziddir.

Rusiya bu şərtləri 90 gün müddətində qəbul eləmədiyi halda isə ABŞ-la Rusiya arasında diplomatik münasibətlər minimuma endiriləcək və Rusiyadan ABŞ-a təyyarə reysləri qadağan ediləcək. Yəni, faktiki olaraq 90 gündən sonra Rusiyanın ABŞ üçün Suriya, İran, Şimali Koreya kimi dövlətlərin birinə çevrilməsi qaçınılmaz olacaq. Təsadüfi deyil ki, anonsu verilən sanksiyaları şərh edərkən Rusiyalı siyasi şərhçilərdən biri bu sanksiyaları faktiki olaraq ABŞ-ın Rusiyaya müharibə elan etməsi kimi dəyərləndirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfirliyi yeni sanksiyaları “əjdahasayağı” sanksiyalar kimi dəyərləndirib və bu sanksiyaların siyasi xarakterli olduğu vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə təmsil etdiyi qurumun adından bildirib ki, yeni sanksiyalar ABŞ və Bəyük Britaniya siyasi elitasının anlaşmasının nəticəsidir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki,Rusiyanı Solsberidəki kimyəvi slhahla hücuma görə günahlandırmaq absurddur və Rusiyaya qarşı irəli sürülən iddialar ağlasığmazdır. Rusiyanın cavab addımları ilə bağlı sualı cavablandıran Dmitri Peskov qeyd edib ki, bu barədə danışmaq hələ tezdir.

Trampın Rusiyaya qarşı yeni sanksiyaları imzalaması isə şübhə doğurmur. Belə olmayacağı təqdirdə Dövlət Departamenti bu sanksiyaları anons etməzdi və Trampın sanksiyalara imza atmadığı təqdirdə siyasi karyerasına ağır zərbə dəyməsi də qaçınılmazdır. Məsələ ondadır ki, Helsinki sammitindən sonra Tramp Putinin qarşısında aciz durumda olduğuna görə ən ağır şəkildə tənqid olundu və aşağılandı. Əslində ABŞ ictimai rəyində Trampın Putin tərəfindən aşağılanması və dolayısı ilə ABŞ-ın aşağılanması fikri hakim kəsilib.

Bu durumda Tramp təbii ki, onu bütün dünyanın önündə “aşağılayan” Putinə qarşı sərt addımlar atması da təbiidir və ancaq bu yolla, yəni Rusiyanı və Putini aşağılamaqla özünün siyasi karyerasını qurtarması mümkündür. Qeyd edək ki, artıq Respublikaçılar Partiyasından olan senatorlar avqustun 3-də Rusiyaya qarşı daha sərt sanksiyaların qəbul olunması üçün Konqressə qanun layihəsi təqdim ediblər. Bu durumda ancaq təşəbbüsü ələ almaq Trampı impiçmentdən xilas edə bilər və həmçinin payızda keçiriləcək ara seçkilərində Respublikaçıların məğlubiyyətinin qarşısını ala bilər. Digər tərəfdən Müllerin araşdırması da Trampın başı üzərindən “Domokl qılıncı” kimi asılıb.

Məsələnin ən maraq doğuran tərəfi isə 3 aydan sonra ABŞ-Rusiya münasibətlərinin tamamilə pozulduğu zaman hadisələrin necə inkişaf etməsidir. Bu aktual mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov və ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Pünhani Əsgərlinin fikirlərini öyrənib.

Zaur Məmmədov: “Rusiya ilə bağlı siyasətin ən pik nöqtəsini əsas 2019-cu ilin əvvələrində müşahidə edəcəyik”.

Politoloq Zaur Məmmədov hesab edir ki, Trampla Putin arasında görüş hər iki liderin probleminə çevrilib və Helsinki görüşündən sonra birdən-birə hər şey tərsinə dönüb. Uğursuz Helsinki görüşündən sonra baş verənlərdən sonra Tramp administrasiyasının Rusiya ilə olan münasibətlərində manevr imkanları bloklanmış olub. Beləliklə, qeyri-rəsmi qaydada olsa da, ABŞ tarixində ilk dəfə olaraq siyasi sistemdə prezidentin səlahiyyətləri azalır, parlamentin isə xarici siyasətlə bağlı səlahiyyətləri genişlənir:

“Trampla Putin arasında Helsinkidə baş tutan görüşü Trampın probleminə çevrilib və belə getsə deyəsən hər iki ölkə liderinə bu görüş çox baha başa gələcək. Trampın bu günə qədər Rusiya ilə bağlı siyasəti onun İrana və hətta Qərbi Avropaya olan siyasətindən daha yumşaqdır desəm, yəgin ki, səhv olmaz. Lakin indi birdən-birə hər şey tərsinə döndü.

Məsələ burasındadır kı, indiyə qədərki sanksiyalardan fərqli olaraq yeni qəbul edilmiş sanksiyaların icrasına birbaşa Dövlət Departamenti nəzarət ediləcək. Əgər əvvəllər Konqressin Rusiya ilə bağlı qəbul etdiyi qərarlar heç də həmişə hökumət tərəfindən icra edilmirdisə, indiki halda, yəni Helsinki görüşündən sonra baş verənlərdən sonra Tramp administratsiyasının Rusiya ilə olan münasibətlərində manevr imkanları bloklanmış olur. Beləliklə, qeyri-rəsmi qaydada olsa da, ABŞ tarixində ilk dəfə olaraq siyasi sistemdə prezidentin səlahiyyətləri azalır, parlamentin isə, xarici siyasətlə bağlı səlahiyyətləri genişlənir.

İş orasındadır kı, düz bir il əvvəl, 27 iyul tarixində Senatda ABŞ –ın “düşmənlərinə qarşı mübarizə çərçivəsində sanksiyaların tətbiqi haqqında” qanun qəbul edildi. CAATSA adlanan qanun tez bir zamanda o vaxtlar Tramp tərəfindən imzalandı. Aydın məsələdir ki, bu Trampın taktiki səhvlərindən biri idi. Çünki, Tramp faktiki olaraq həmişə Rusiyaya qarşı sanksiyaların bir qədər yumşaldılmasının tərəfdarı olaraq çıxış edib. Ancaq o qanun imzalandıqdan sonra Tramp Rusiyaya qarşı müstəqil siyasət tətbiq etmək imkanlarını itirdi. Helsinkidəki görüşdə baş verənlərdən isə ABŞ-dakı bəzi qüvvələri düşündürməyə vadar etdi və məhz Helsinki görüşü ABŞ istiblişmentini Rusiyaya qarşı daha sərt davranmağa təhrik etdi. Son yaşananlar isə Trampın Rusiya siyasətinin tamamilə bloklanması anlamına gəlir. Təbii ki, uğursuz Helsinki görüşündən sonra ABŞ-ın gündəminə Konqres tərəfindən Rusiyaya qarşı silsilə sanksiyaların tətbiq olunması gəldi. Və bu durumda Trampın təşəbbüsü əldən verməsi onun siyasi iflasına səbəb ola bilərdi.

Zaur Məmmədov: “Qeyri-rəsmi qaydada olsa da, ABŞ tarixində ilk dəfə olaraq siyasi sistemdə prezidentin səlahiyyətləri azalır, parlamentin isə xarici siyasətlə bağlı səlahiyyətləri genişlənir”.

Hazırda Konqresin sanksiyalarla bağlı diqqəti əsasən bir neçə qanun layihələrində cəmləşib.

1. DESKAA. “2018 ci ildə ABŞ-ın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi”. Bu qanun layihəsi 3 demokrat və 3 respublikaçı tərəfindən təklif olunub. Yəgin ki, bu qanun layihəsi DETER adlanan ( seçkilərə qarşı təhlükədən müdafiə) adlı qanunun yerinə qüvvəyə minəcək. 2. “Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq” adlı ikinci qanun layihəsinin məqsədi “Şimal axırı 2” yə qarşı sanksiyaların tətbiq edilməsidir. 3. “ABŞ-ı Rusiyanın bu ölkəyə müdaxiləsindən qorumaq” haqqında qanun özündə 18 müxtəlif qanun layihələrini cəmləşdirib. Bu qanun layihələrindən 8-i hər iki partiya tərəfindən dəstəklənir.

Bu qanun layihələrinin çoxu məhz Helsinki sammitindən sonra meydana gəldi.

Qanun layihələri əsasən 4 sektora ünvanlanıb: 1. Dövlət borcları öhdəlikləri; 2. Energetika; 3. Dövlət maliyə institutları; 4. Şimal axını.

Zənnimcə, sanksiyaların ən təsirliyi Rusiyanın bank sektoruna tətbiq oluna biləcək hallar ola bilər. Belə ki, maliyyə institutlarına qarşı tətbiqi gözlənilən sankyalarda Rusiyanın iri bankları, Sberbank, VTB, Promsvyazbank, VEB kimi bankların ABŞ - dakı aktivlərinin bloklanması, dollar ilə hesablama sistemindən kenarlaşdırılması nəzərdə tutulur. Eyni zamanda sanksiyalarla bağlı Putinin də aktivlərinin adı hallanmağa başlanıb.

Onu da deyim ki, ABŞ daxilində Rusiya ilə bağlı həmrəy fikir yoxdur. Lakin, bu o demək deyil ki, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməyəcək. Payızda ABŞ da keçiriləcək parlament seçkilərini nəzərə alsaq, onda deyə bilərik ki, Rusiya ilə bağlı siyasətin ən pik nöqtəsini əsas 2019-cu ilin əvvələrində müşahidə edəcəyik”.

Pünhani Əsgərli: “Rusiya qloballaşmaya qarşı gedərək ABŞ-ın əsas xarici siyasət xəttinə təhdiddir”.

ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Pünhani Əsgərli belə düşünür ki, Rusiya qloballaşma prosesinə qarşı olduğuna görə ABŞ-la qarşıdurması qaçınılmazdır. Bu halda Rusiya və ABŞ münasibətləri həm siyasi, həm də iqtisadi səviyyədə zəifləməsi təbii görünməlidir. Buna baxmayaraq, siyasi ekspert hesab edir ki, ABŞ-ın daxili siyasətində müəyyən ziddiyətlər var və ABŞ-ın siyasi elitasının Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsini əngəlləyir:

“Dünyada qloballaşma prosesi getdikcə güclənir. ABŞ da bu prosesin əsas öncülərindəndir. Qloballaşma prosesinin qarşısında duran ən böyük qüvvə isə hal-hazırda Rusiyadır. Buna görə də Rusiya və ABŞ münasibətləri həm siyasi, həm də iqtisadi səviyyədə zəifləməkdədir.

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar da bunun nəticəsidir. Sanksiyalara nəzər yetirdikdə görürük ki, bunlar həm iqtisadi, həm də siyasi məqsədlidir Buna baxmayaraq ABŞ-ın daxili siyasətində müəyyən ziddiyətlər var və bu ziddiyətlər ABŞ-ın siyasi elitasının Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsini əngəlləyir. Rusiyaya münasibətdə Demokratlar Rusiyaya təzyiqin tərəfdarıdır, Tramp administrasiyası isə nisbətən mülayim münasibət tərəfdarıdır. Ancaq mən düşünürəm ki, Tramp və administrasiyası bu təzyiqlərin qarşısında durmayacaq və Rusiya ilə münasibətlər daha da kəskinləşəcək. Çünki Rusiya qloballaşmaya qarşı gedərək ABŞ-ın əsas xarici siyasət xəttinə təhdiddir.

Pünhani Əsgərli: “Mən düşünürəm ki, Tramp və administrasiyası bu təzyiqlərin qarşısında durmayacaq və Rusiya ilə münasibətlər daha da kəskinləşəcək”.

İnformasion dövrdə artıq böyük dövlətlər arasında müharibələr silahla, topla, tüfənglə olmur. Texnologiya ilə, informasiya ilə, iqtisadiyyat ilə olur. ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi sanksiyalar da müharibənin başqa formalarıdır. İran da Rusiya da ABŞ-ın maraqlarına zidd siyasi və iqtisadi fəaliyyətlər göstərirlər.

Mən açığı düşünürəm ki, ABŞ İranla münasibətlərini Rusiyaya nisbətdə daha da kəskinləşdirəcək. Çünki ABŞ və İran arasındakı münaqişə iki dövlət arasındakı münaqişədən çıxıb sivilizasiya münaqişəsi formatına keçib. Rusiya ilə isə hələki siyasi səviyyədə mübarizə gedir.

###reklam250###

Son nəticədə deyə bilərik ki, həm ABŞ-Rusiya əlaqələri, həm də ABŞ-İran münasibətləri daha da kəskimləşəcək. Ancaq nisbətdə ABŞ-İran problemi daha da ziddiyətli görünür”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sərgilədiyi münasibəti Rusiyaya qarşı sərgilədiyi halda dünyada hansı siyasi və iqtisadi dəyişikliklərin baş verəcəyini yaxın bir neçə aydan sonra görməyə başlayacağıq və artıq əminliklə demək olar ki, 2019-cu il hazırda dünyada gedən gedən geosiyasi savaşın pik nöqtəsi olacaq...

Azər QARAMANLIGülşən ŞƏRİFpia.az