Pentensiar Xidmət: məhbuslardan 62 telefon götürülüb

2018-ci ilin 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış növbəti Əfv sərəncamı 634 məhkuma şamil olunub. Penitensiar Xidmətdən lent.az-a verilən məlumata görə, onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib

Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil başa çatdırılıb.

2018-ci ilin ilk yarım ili ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1770 manat məbləğində pul, 62 mobil telefon, 38 fakt üzrə 56,5 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 335 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 3 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.

pia.az