Avropa İttifaqı ilə sazişin prioritetləri sırasında insan haqları yoxdur

Eldar Namazov bunu "günün tələbi" ilə əsaslandırır
İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa Birliyi arasında «Tərəfdaşlıq prioritetləri» sənədi paraflanlanıb.Avropa Birliyi bildirir ki, Azərbaycanla tərəfdaşlıq prioritetləri üzrə danışıqlar bitib. Bu prioritetlər yaxşı idarəçilik, iqtisadi inkişaf, korrupsiya ilə mübarizə və sairədir. İkitərəfli əməkdaşlıqda insan haqları və demokratiyanın da adı çəkilir, ancaq arxa plana atılmış kimi görünür. Qurum Azərbaycanla tərəfdaşlıqda demokratiyanı dəfn etdimi?Politoloq Eldar Namazov deyir ki, Avropa Birliyi ilə Azərbaycan arasında paraflanmış sənəd bugünkü reallıqlara uyğundur, tərəflər arasında mövcud durumu əks etdirir. Onun sözlərinə görə, prioritetlər sırasında olan 4 məsələnin hər biri əhəmiyyətlidir: «Elə yaxşı idarəçilik, şəffaflıq uğrunda və ya və korrupsiyaya qarşı mübarizə prioritetini götürək. Bu, Azərbaycan vətəndaş cəmiyyətinin hökumət qarşısında neçə illərdir qaldırdığı məsələdir».İnsan haqları ilə bağlı məsələnin prioritetlər sırasında olmamasına gəlincə, E.Namazov deyir ki, bu məsələdə tərəflər arasında kompromis əldə edilib, yəni nə qədər mümkündürsə, o qədər bu məsələ ilə məşğul ola bilirlər: «Yaxşı olardı ki, insan haqları da prioritetlər sırasında olsun. Görünür, bu da zaman istəyir, amma bu məsələ ayrıca olaraq sənəddə vurğulanır. Ona görə də «arxa plana keçdi» sayılmaz».Politoloqun fikrincə, bu məsələ birdəfəlik qapanmayıb, sadəcə, tərəflər arasında vəziyyətin real durumuna uyğunlaşdırılıb: «Bu məsələ AB-nin prinsipidir, odur ki, bundan heç zaman imtina edə bilməz. Sadəcə, sənəd bugünkü reallığı əks etdirdiyi üçün bu məsələ də həmin reallığa uyğun əksini tapıb». (Azadlıq.org)pia.az