Fədayə Laçının məhkəməsində sənət dostları iştirak edəcəkmi?

Lalə Məmmədova: “Hətta günahı olsa belə, biz yenə ona dəstəyik”
Məlum olduğu kimi, bu günlərdə müğənni Fədayə Laçın və digər 12 nəfərin istintaq prosesi başa çatıb, iş məhkəməyə verilib. Müğənninin vəkili Türkel Süleymanlının report.az saytına verdiyi məlumata görə, Fədayə Laçın artıq Bakı İstintaq Təcridxanasında cinayət işi ilə tanış olur. Vəkilin dediyinə görə sənətçi barəsində başqa ittiham irəli sürülməyib, o, özünü qismən təqsirli bilib.“Fədayə həbs olunan gün də demişdim, əgər günahı varsa, qanun qarşısında cavab verəcək”. Bu sözləri müğənninin bacısı İlahə Fəda “Yeni Müsavat”a açıqlamasında deyib. İlahə Fəda bacısının tezliklə azadlığa qovuşacağına inandığını bildirib: “Onun saf ürəyindən istifadə ediblər. Fədayə, sadəcə, səhv, günah edib, amma cinayət törətməyib. Bildiyiniz kimi, artıq istintaq prosesi başa çatıb. Məhkəmə prosesinin nə zaman başlayacağını hələlik bilmirik”.İlahə Fəda bacısının vəziyyətindən də söz açıb: “8 aydır ki, dörd divar arasında qalıb. Qanunun icazə verdiyi qədər onunla görüşməyə çalışırıq. Vəziyyəti yaxşıdır”.İlahə Fəda həmçinin qeyd edib ki, müğənninin sənət yoldaşları vaxtaşırı onun vəziyyəti ilə maraqlanır: “Həmkarlarının demək olar ki, 50 faizi bizə zəng vurur, onunla maraqlanır. Təkcə sənət adamları deyil, sadə vətəndaşlar bizimlə əlaqə saxlayır, Fədayənin vəziyyəti ilə bağlı maraqlanırlar. Hətta ölkə xaricindən belə zəng vurub, onun vəziyyətini soruşurlar. Sosial şəbəkələrdə də xalqın ona sevgisini görürük”.Maraqlıdır, bəs Fədayə Laçının sənət dostlarından kimlər onun məhkəməsində iştirak edib, dəstək olmağı düşünür?Məsələ ilə bağlı ilk olaraq Fədayə Laçınla uzun illər duet ortağı olmuş, sənət yoldaşı Tacir Şahmalıoğlunun rəyini öyrənməyə çalışdıq. Lakin çoxsaylı zənglərimiz cavabsız qaldı.Fədayə Laçının həbs olunduğu gündən ona dəstək olan sənətçilər arasında birinci sırada olan əməkdar artist Lalə Məmmədova bu dəfə də həmkarının yanında olduğunu bildirdi: “Bildiyiniz kimi, məsələ bizim məhkəmədə ona dəstək olub-olmayacağımızdan deyil, məhkəmə işini aparan hüquqşünaslardan asılıdır. Lakin biz sənət yoldaşları həmişə onun yanındayıq, hətta günahı olsa belə biz yenə ona dəstəyik. Biz hələ bilmirik nə baş verib. Lazım gələrsə məhkəməyə də gedib ona mənəvi dəstək olacağıq.  Doğrudur, təcridxanaya yanına gedə bilməsək də, vaxtaşırı bacısı İlahə xanımla əlaqə saxlayıb Fədayənin vəziyyəti ilə maraqlanırıq. Həmçinin barəsində mətbuatda məlumat alırıq”.Müğənni Manaf Ağayev də hər zaman həmkarına dəstək olmağa hazır olduğunu bildirdi: “Lazım gələrsə məhkəmədə iştirak etməyə, ona dəstək olmağa hazıram. Vaxtaşırı da bacısı İlahə xanımdan onun vəziyyətini soruşur, hal-əhval tuturam”.Əməkdar artist Nüşabə Ələsgərli isə həmkarının məhkəmə prosesində iştirak etmək istəmədiyini dedi: “Mən hər zaman Fədayə Laçına dəstəyəm, çünki o? ilk növbədə qadın və anadır. Lakin məhkəmə prosesi olan zaman mən ölkə xaricində olacam. Amma ölkədə olsam belə məhkəmədə iştirak etmək istəmərəm. Çünki psixoloji durumum çox həssasdır. Könül açmayan mənzərəni görmək istəmirəm”. Nüşabə Ələsgərli həmkarının ailəsi ilə də əlaqə saxlamadığını etiraf edib.Xatırladaq ki, bu ilin fevral ayında xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aftandil İsrafilov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, Səkinə İsmayılova, əməkdar artist İlqar Muradov prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayaraq F.Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınıb bağışlanmasını istəmişdilər. Lakin onların bu müraciəti cavabsız qalmışdı.Onu da xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.(“Yeni Müsavat”)pia.az