İsmayıllıda körpü uçdu, şəhərlə əlaqə kəsildi - Video

İsmayıllıda uçan körpü Qalacıq kəndini şəhərdən təcrid edib
“ARB TV”dən virtualaz.org-a verilən xəbərə görə, rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib.Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub.1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb.Etibar Əliyev (Bakı sakini): “Bakı şəhərindən bura istirahətə gəlmişdim. Burada sel olduğuna görə körpü dağılıb. İndi evə qayıda bilmirik, maşın qalıb evin bu tərəfində”.Bəxtiyar Rəhimov (kənd sakini): “2000-ə yaxın əhali yaşayır burda. Təxminən də o qədər qonaq gəlir. Gələnlərin də, bizim də gediş-gəlişimiz burada problemə çevrilir. İsmayıllıya piyada keçirik. Nə gətiririksə əlimizdə keçiririk”.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub. Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.

pia.az