Qida təhlükəsizliyi sahəsində dəyişikliklər –Yeni rusumlar tətbiq olunacaq

Ölkə parlamenti qanunvericiliyə qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər edə bilər
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, dəyişiklik təkliflərini parlamentə prezident göndərib. Mayın 18-də Aqrar siyasət komitəsi dövlət rüsumu, lisenziyalar haqqında qanunlara və Torpaq Məcəlləsinə təklif olunan həmin dəyişiklikləri müzakirə edib.“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər dövlət rüsumunun tutulduğu yeni halları müəyyən edir. Təkliflər qəbul edilsə, qida təhlükəsizliyi sertifikatının verilməsinə görə, 20 manat məbləğində rüsum tutulacaq.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına görə də rüsumlar müəyyən edilir. İlk dəfə reyestrə daxil edilməyə görə 150, reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə 50, reyestrdən çıxarışın dublikatının verilməsinə görəsə 10 manat rüsum alınması təklif olunur.Təkliflərdə həmçinin, qida təhlükəsizliyi ilə bağlı daha bir neçə hala görə 5 manatadək dövlət rüsumu alınması nəzərdə tutulur. Baytarlıq, fitosanitar sertifikatının, baytarlıq preparatlarına, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, habelə idxal karantin icazəsinin verilməsinə görə, hazırda mövcud olan dövlət rüsumlarının məbləğinin isə artırılması təklif edilir.Torpaq Məcəlləsinə “əkin yerinin yandırılması qadağandır” məzmununda düzəliş təklif olunub. “Lisenziyalar və icazələr haqqında” qanuna təklif olunan dəyişikliklər texniki məzmunludur.Aqrar komitə təklifləri bəyənib və Milli Məclisin plenar iclasına göndərib. (Azadlıq Radiosu)pia.az