Cimi kəndindəki qanlı qisas- söyüş, iki balta zərbəsi, ölüm və 10 il həbs...

Toydan sonra mübahisə etdiyi həmkəndlisini baltayan şəxs hakim qarşısına çıxarılıb. Davaya səbəb sərxoş şəxslərin bir-birini təhqir etməsi olub. Cimi kəndindəki qanlı dava sakinlərdən birini məzara, digərini isə həbsxanaya aparıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-cı il tarixli hökmü ilə 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu 10 il müddətinə azadlıqdan məhrum edilib. O, qətl törətməkdə ittiham edilir. Hadisə Quba rayonunun Cimi kəndində baş verib. Hadisəni törədən Maarif Alxasov natamam orta təhsilli olub. Əvvəllər məhkum olunmayan M.Alxasov daş karxanasında fəhlə işləyib.Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.M.Alxasov ona görə ittiham edilir ki, o, həmkəndlisi Əhmədov Vətən Vəkil oğlunu qisas niyyətilə qəsdən öldürüb. Belə ki, 17 avqust 2017-ci il tarixdə gecə saat 12 radələrində Cimi kəndində keçirilən toy məclisi zamanı o, həmkəndlisi Vətən Əhmədov heç bir əsaslı səbəb olmadan ona qarşı təhqiredici ifadələr işlədib. Daha sonra toy məclisinin kənarında, küçədə aralarında mübahisə başlayıb. Əvvəlcə tərəflər əlbəyaxa olub. Toyun digər iştirakçıları onları sakitləşdirib və evlərinə yola salıb. Maarif Alxasov mobil telefonunu söndürərək evinə qayıdıb. Telefonunu isə ona görə söndürüb ki, Vətən ona zəng etməsin. Bu davadan təxminən 2 saat sonra, gecə saat 2 radələrində Vətən sərxoş vəziyyətdə Maarif Alxasovun evinə gəlib. İttihamda yazılır ki, Vətən Maarifi həyətə çağıraraq onunla yenidən mübahisə etməyə başlayıb və onun ünvanına nalayiq ifadələr işlədib. Vətən qəfildən Maarifin sifət nahiyəsindən kəllə ilə bir dəfə vurub. Küçəyə çıxaraq Maarifin ünvanına nalayiq ifadələr işlətməyə davam edib. Bundan sonra Maarif qisas almaq niyyətilə Vətəni qəsdən öldürmək qərarına gəlib və həyətlərindəki yardımcı otaqdan iki balta götürüb. O, Vətən Əhmədovun arxasınca küçəyə çıxıb. Onunla üzbəüz dayanarkən Vətən Əhmədov söyüş söyməyə davam edib. Bu zaman Maarif əlində olan iki balta ilə eyni anda Vətənin baş nahiyyəsinə iki zərbə endirib. Vətən Əhmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Törətdiyi əmələ görə 10 il azadlqıdan məhrum edilən Maarif Alxasov apellyasiya şikayəti verərək ona daha yüngül cəza təyin edilməsini istəyib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb. M.Alxasovun vəkili bildirib ki, birinci instansiya məhkəməsi müdafiə etdiyi şəxsə ağır cəza təyin edib. Vəkil M.Alxasovun təqsirini etiraf edərək könüllü polisə təslim olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yetkinlik yaşına catmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət, zərərçəkmiş şəxsin isə mənfi xarakterizə olunmasını nəzərə alaraq barəsində daha aşağı həddə cəza təyin edilməsini istəyib.Dövlət ittihamçısı isə hökmün dəyişdirilmədən saxlanılmasını istəyib. Tərəfləri dinlədikdən sonra məhkəmə kollegiyası belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları tədqiq edərək yoxlayıb.Məhkəmənin qərarında göstərilir ki, iş materiallarından görünür ki, Alxasov ona elan edilmiş ittihamda özünü təqsirli bilib. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyi, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapıb. Məhkəmə kollegiyası məhkuma təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə görə ağır olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb və hesab edib ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur.Məhkəmənin yekun qərarına əsasən Maarif Alxasov barəsində Bakı Ağır Cianyətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.pia.az