Bakı bu üç ölkə üçün böyük şansa çevrilir

“Azərbaycan son illər regionda bir sıra çoxtərəfli formatların müəyyənləşməsində katalizator rolunu oynayır”
Bu sözləri Axar.az-a Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Azərbaycan, İran, Türkiyə və Gürcüstan dördtərəfli formatı Bakı üçün çox vacibdir və regionda digər ölkələrlə rəqabətə imkan verir:“Çox səciyyəvi bir haldır ki, Azərbaycan son illər regionda bir sıra çoxtərəfli formatların müəyyənləşməsində katalizator rolunu oynayır. Bu da ondan irəli gəlir ki, regiondakı əsas layihələr Azərbaycanın fəal iştirakı ilə həyata keçirilir. Bu, digər oyunçuların regional siyasətinə də çox böyük təsir edir. Enerji və nəqliyyat layihələri region ölkələrinin digər dövlətlərlə sıx bağlılığını təmin edir, eyni zamanda, onların tranzit statusunu möhkəmləndirir. Son zamanlar dünyanın bir çox ölkəsi tranzit statusundan istifadə etmək üçün böyük səylər göstərir, çünki bu yolla minimum xərclə uzunmüddətli gəlirlər əldə etmək mümkündür. Çoxtərəfli formatların formalaşmasında məhz bu amillər mühüm rol oynayır. Bildiyiniz kimi, Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyət göstərir, TANAP-ın son mərhələsi həyata keçirilir, Şimal-Cənub dəhlizi isə tamamlanmaq üzrədir. İran tərəfi Şimal-Cənub dəhlizi ilə bağlı işlərin 81 faizinin tamamlandığını bildirib. Demək, yaxın aylarda layihənin qalan hissəsi də tamamlanacaq, Rəşt-Qəzvin dəmir yolu xətti istifadəyə veriləcək. Astara-Astara dəmir yolu isə artıq tam istifadəyə verilib. İranın Astara şəhərində böyük bir terminal qurulub və bu terminaldan müştərək istifadəyə dair İranla Azərbaycan arasında razılaşma var”.Politoloq sözügüdən layihəyə Gürcüstan, Türkiyə və İranın marağının artdığını qeyd edib:“Təbiidir ki, İran Şimal-Cənub dəhlizindən istifadə edərək BTQ-yə qoşulmaq imkanına malikdir. Nəticədə İranın istehsal etdiyi məhsullar Qara dəniz və Avropa ölkələrinə çatacaq. Eynilə də Avropa məhsulları bu xətlə İrana gələ və tranzit olaraq da İran ərazisindən Hindistana və Hind okeanı ölkələrinə çata bilər. Bu isə kifayət qədər böyük mənfəət deməkdir. Bir sözlə, Azərbaycan, İran, Türkiyə və Gürcüstan dördtərəfli formatı müxtəlif siyasi maraqları olan ölkələri bir araya gətirməklə yanaşı, burada yer alan ölkələrin hər biri üçün böyük perspektivlər vəd edir”.Qeyd edək ki, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirləri martın 15-də Bakıda dördtərəfli formatda görüş keçirəcəklər.pia.az