Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq

Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.Kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Müraciət edənlərlə psixoloji iş aparılacaq.Xatırladaq ki, belə kabinetlərin yaradılması “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb. Bundan əvvəl, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” yaradılmışdı. Kabinetdə siqaret çəkənlərin orqanizmində baş verən dəyişikliklər, siqaretin tərkibinə qatılan kimyəvi maddələr haqqında məlumatlar verilirdi, xüsusi vasitələrlə siqaretin cibə və ağciyərə vurduğu zərər hesablanırdı. Yeni yaradılacaq kabinetlərdə də əvvəlki təcrübədən istifadə ediləcək.Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hər 6 saniyədə bir insanın siqaretdən dünyasını dəyişdiyini bildirir. Yəni hər il dünyada 6 milyon insan tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Bunun 10 faizi passiv tütün çəkmənin təsirindən ölənlərdir. Siqaret 70-90 faiz hallarda ağır xəstəliklərə gətirib çıxarır. Xüsusilə ağciyər, tənəffüs yolları, mədə, dil-dodaq xərçənginin yaranmasında siqaret səbəblərdən biridir.Qanunda həmçinin tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardımın göstərilməsi də əksini tapıb.pia.az