Doğrudanmı Ermənistan öz “patronu” Rusiyadan da “qismən azad” ölkədir?

Sərdar Cəlaloğlu: “Buradakı “azad dövlət” anlayışı həmin dövlətdə vətəndaşların hüquq və azadlıqları ilə bağlıdır”
Məhəmməd Əsədullazadə: ““Freedom House” təşkilatının  Azərbaycan hakimiyyəti ilə problemi ola bilər.  Lakin bu onlara əsas vermir ki, Qarabağı öz hesabatlarına daxil etsin”.  Azər Qasımlı: “İnsan haqqların pozulması ilə bağlı Avropa İnsan haqları Məhkəməsinə Ermənistandan fərqli olaraq, Azərbaycan və Rusiyadan daha çox şikayətlər göndərilib.  Real olaraq, bizdə insan haqqlarının durumu daha pisdir”.Nəzakət Məmmədova: “Bakı-Qars layihəsində Azərbaycanın fəal iştirakı, Qüds məsələsindəki mövqeyimiz, son zamanlar ABŞ-la yolları ayrılan Britaniya ilə neft müqavilələrini yeniləməyimiz və s. müəyyən dairələrin xoşuna gəlmir”.Nəsimi Məmmədli: “Freedom House” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir”.Beynəlxalq hüquq təşkilatı “Freedom House” 2018-ci il üçün dünya ölkələrində azadlığın vəziyyəti haqqında hesabat yayıb. Hesabata əsasən, qiymətləndirilmiş 195 ölkədən 87-si (45%) azad, 59-u (30%) qismən azad, 49-u isə (25%) “azad olmayan” ölkələr siyahısına daxil olub. Hesabatda bildirilib ki, 2017-ci ildə azad və ədalətli seçkilərin təmin edilməsi, azlıqların hüquqları, mətbuat azadlığı və qanunun aliliyi daxil olmaqla, demokratiya prinsipləri bütün dünyada hucuma məruz qalıb. Məlum hesabatda Azərbaycan 12 balla “azad olmayan” dövlətlər sırasında göstərilib. Hətta Azərbaycanın quru sərhəddi olan Türkiyə, İran və Rusiya da “azad olmayan” ölkələr sırasında yer alıb.  Azərbaycan tərəfi olaraq, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev isə BBC Azərbaycancaya hesabatı şərh etmədiklərini deyib və Freedom House-u “qərəzli, qeyri-obyektiv və bəlli olmayan metodologiya ilə qiymətləndirmə aparan qurum" adlandırıb. Qafqaz bölgəsində, ancaq Gürcüstan və Ermənistan “qismən azad” ölkələr sırasına aid edilib. Dünya üzrə ən “azad” olan ölkələr isə Norveç, İsveç, Finlandiya, Kanada və digər əksər Avropa dövlətləri göstərilib. Ermənistanın  öz “patronu” Rusiyadan  da önə keçərək, 45 balla “qismən azad” dövlətlər siyahısında yer alması hesabatın obyektivliyinə şübhə yaradan faktora çevrilmirmi?Bu sualla PİA.AZ-ın əməkdaşı siyaəstçilərə və politoloqlara müraciət edib. Sərdar Cəlaloğlu: “Ermənistanın Dağlıq Qarabağı işğal etməsi xarici siyasətdir və “azad dövlət” kateqoriyasına aiddiyyatı yoxdur”.Azərbaycanın insan hüquq və azadlıqları məsələsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini vurğulayan ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, “Freedom House” təşkilatının hesabatında obyektivlik mövcuddur:“”Freedom House”  təşkilatındakı azad dövlət anlayışı başqa bir dövlətdən asılılıqla bağlı deyil. Buradakı “azad dövlət” anlayışı həmin dövlətdə vətəndaşların hüquq və azadlıqları  ilə bağlıdır. Yəni, söhbət daxili azadlıqdan gedir. Başqa dövlətlərə şamil edilsəydi, onda bütün dövlətlər BMT-nin üzvüdür  və BMT-nin qarşısında duran öhdəliklərə görə, BMT-dən asılıdırlar. Həmçinin Avropa Şurası üzvləri Avropa Şurasından, Avropa Birliyi ölkələri Avropa Birliyindən asılıdır. Dövlətlər adətən ittifaqlar yaradarkən öz dövlət suverenliklərindən müəyyən qədər imtina edirlər və bu yolla hansısa birliyi yaradırlar. “Azad dövlət” anlayışı hansısa ölkədə olan vətəndaşların azad yaşaması ilə bağlıdır. Azərbaycanın 12 balla  “azad olmayan” ölkələr siyahısında yer alması təbiidir. Çünki Milli Məclis də qərar çıxarıb ki, biz Avropa Şurasının insan hüquq və azadlıqları ilə bağlı qərarlarını icra etmək istəmirik. Bu bəyanat  onu göstərir ki, onlar  Azərbaycanda insan hüquq və azadlıqlarını birmənalı şəkildə həyata keçirmək istəmirlər. Baxmayaraq ki, söhbət Avropa Şurasının qərarlarından gedir. Avropa Şurasının insan hüquq və azadlıqları ilə qərarları Azərbaycan Konstitusiyası və BMT-nın insan hüquq və azadlıqlarına dair ümumi bəyannaməsinin tələblərindən irəli gələn qərarlardır. Yəni, Azərbayacan höküməti verdiyi qərarla Azərbaycan Konstitusiyası və BMT qarşısındakı öhdəliklərindən imtina edir. Belə olan halda isə bu dövləti “azad dövlət” hesab etmək düzgün olmaz. Düzdür, Şimali Koreyada qeyri-rəsmi avtoritar rejim yaranıb. Ancaq dünyada Azərbaycandakı kimi  insan hüquq və azadlıqlarından imtinanı pulbik şəkildə ithaf edən ikinci bir dövlət yoxdur. Azərbaycan məsələni açıq şəkildə Milli Məclisdə müzakirəyə çıxarır. Ermənistanda bu cür qərara rast gəlmək mümkün deyil. Ermənistan Avropa Şurasının üzvüdür və bütün qərarlarını icra edir. Həmçinin Azərbaycandan fərqli olaraq,  Avropa Birliyi ilə daha sıx əməkdaşlıq edir. Eyni zamanda BMT-nin üzvü kimi insan hüquq və azadlıqları ilə bağlı bütün öhdəliklərini yerinə yetirir. Məsələn,  Ermənistan vətəndaşları Yeravanın mərkəzində istənilən vaxt mitinq edirlər, Ermənistan parlamentində 20-30% həqiqi müxalifət var və hökümətə qarşı çıxışlar edirlər. Azərbaycanda belə vəziyyət var?! Azərbaycanda küçəyə çıxmaq olur?! Ermənistanda müxalifətin lideri televiziyada iqtidarın əleyhinə fkirlərini açıq deyə bilir. Bu baxımdan Ermənistanla Azərbaycanı müqayisə eləmək düzgün deyil. Ermənistanın Dağlıq Qarabağı işğal etməsi xarici siyasətdir və “azad dövlət” kateqoriyasına aiddiyyatı yoxdur. Ermənistan öz vətəndaşlarına qarşı münasibətdə Avropa strandartlarına yaxın bir ölkədir. Ermənistan bizə düşmən olduğuna görə, gözümüzü yumub hər şeyini  qaralaya bilmərik. Yeravanın mərkəzində mitinq keçirilir, parlamentində müxalifət var, ölkədə müxalifət qəzetləri nəşr olunur, müxalifət liderləri istənilən an televiziyaya çıxa bilirlər və s. Azadlığın bundan başqa kriteriyası yoxdur. Bu baxımdan hesab edirəm ki, “Freedom House” təşkilatının hesabatı tamamilə həqiqəti əks etdirir və obyektivdir. Ermənistanla Azərbaycanı müqayisə ediriksə, həqiqətən də Ermənistan Azərbaycanla müqayisədə azad ölkədir”.Məhəmməd Əsədullazadə: ““Freedom House” təşkilatının  Ermənistanı “qismən azad ölkə” kimi təqdim etməsi qeyri-obyektivdir”.Məlum hesabatın qərəzli və doğru olmadığını qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, işğal olunmuş Qarabağ ərazisinin bu hesabata daxil edilməsi  Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir:“Xüsusi olaraq qeyd edim ki, “Freedom House” təşkilatının  Ermənistanı “qismən azad ölkə” kimi təqdim etməsi qeyri-obyektivdir və Gürcüstanla eyni kateqoriyaya daxil etməsi kökündən yanlışdır.  Hazırda Gürcüstan Cənubi Qafqazda demokratik təsisatlara malik, hüquqi cəmiyyətə malikdir. Gürcüstanla Ermənistanı eyniləşdirməklə,  bu təşkilat bir daha göstərir ki, onun hesabatında çox ciddi problemlər var. Qeyd edim ki, hesabatın qərəzliliyi, beynəlxalq hüququ heçə sayması, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı və terrorçu rejimin idarəsi altında olan Qarabağ ərazisini “qismən azad ərazi” kimi təqdim etməsini bu təşkilatın separtizm və işğala verdiyi dəstəyin nümunəsi kimi qiymətləndirmək olar.  Bu gün işğal olunmuş Qarabağ ərazisini bu hesabata daxil etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.  Belədirsə, Gürcüstanın separatçı subyektləri olan Abxaziya və Cənubi Osetiyanı niyə hesabatlarında qeyd etmirlər?! Bu bir daha göstərir ki, “Freedom House” beynəlxalq hesabatına ikili standartlardan yanaşır, beynəlxalq hüququ kobudcasına tapdalayır. “Freedom House” təşkilatının  Azərbaycan hakimiyyəti ilə problemi ola bilər.  Lakin bu onlara əsas vermir ki, Qarabağı öz hesabatlarına daxil etsin.  Burada anti-demokratik Ermənistanı Gürcüstanla eyni kateqoriyaya daxil etməsi, Azərbaycanın işğal olunmuş ərazilərinə “azad ərazi kimi” qeyd edilməsi əksini tapırsa, Azərbaycanla bağlı yanaşmasını həqiqətdə olsa qəbul etmirik. Çünki “Freedom House” bütün məsələlərə obyektiv yanaşmalıdır. Ermənistanın Rusiyadan “azad ölkə” kimi göstərilməsi  bu  hüquqi təşkilatın Rusiyaya qarşı  bir növ aqressiv siyasətindən irəli gəlir. Düzdür, Rusiyada anti-demokratik ölkədir. Amma Ermənistanın bu siyahıda "azad ölkə" kimi göstərilməsi  qeyri-obyektivlikdir. Görünən odur ki, “Freedom House” hüquq təşkilatı öz ciddiyyətini itirir”.Azər Qasımlı: “Mən bu hesabatı obyektiv hesab edirəm. Ancaq bu o demək deyil ki, biz erməniləri sevirik və ya onlar yaxşıdılar”.Mövcud vəziyyətdə Ermənistanın insan haqqları və azadlıqları məsələsində Azərbaycandan yaxşı vəziyyətdə olduğunu qeyd edən REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlının fikrincə, Ermənistan düşmən bir dövlətdir və Azərbaycanın torpaqlarını işğal edib, lakin real olaraq, bizdə insan haqqların durumu daha pisdir:“Hesab edirəm ki, “Freedom House” təşkilatının hesabatı obyektivdir və doğru yanaşmadır. İlk öncə, siyasi dəyişikliklər məsələsinə toxunmaq istərdim. Ermənistan artıq parlament respublikası  olmağa qədəm qoyur. Yəni, mart ayından etibarən yeni prezident də parlament tərəfindən seçiləcək. Eyni zamanda icraedici hakimiyyətin başında  prezidet deyil, baş nazir duracaq. Baş nazir də parlament tərəfindən müəyyənləşəcək. Nə Rusiya, nə də Azərbaycanda bu belə deyil. Rusiya və Azərbaycanda prezident üsulu idarəsidir. Hətta mən deyərdim ki, superprezident üsuludur. O mənada ki, ölkə başçısının səlahiyyətləri həddindən artıq genişdir və parlamentin səlahiyyətləri olduqca aşağıdır. Demək olar ki, Azərbaycanda parlamentin heç bir ciddi fəaliyyəti yoxdur. Baş nazir  təyin etmək lazımdırsa,  prezident istədiyi adamı təyin edər. Burada parlamentin ciddi bir rolu yoxdur. Eyni zamanda bütün nazirləri, universitet rektorlarını prezident təyin edir.  Hətta 2016-cı ildə keçirilən referendumun nəticəsində prezidentə daha çox səlahiyyət verildi. Bunlarla yanaşı, ölkə başçısına parlamenti buraxmaq və növbədənkənar prezident seçkilərinin istənilən vaxtda təyin etmək səlahiyyəti də daxil edildi. Ermənistanda bunların heç biri yoxdur. Sərkisyanın səlahiyyətləri də bizdəki qədər çox deyil.Hətta mart ayından etibarən  Ermənistan parlament respublikası olacaq. Düzdür, Ermənistanın parlament respublikasını Avropadakı klassik  parlament respublikaları ilə eyniləşdirmək düzgün deyil. Hər halda ölkədaxili qərarlarda parlamentin seçimlərinə üstünlük veriləcək.Yeri gəlmişkən, Ermənistanda prezident və baş nazir kürsüsünə iddia qoyan və seçkilərdə iştirak edəcək bir neçə ciddi namizəd var. Hələ də mart ayında kimin prezident və ya baş nazir olacağı bəlli deyil. Yəni, siyasətlərində bir rəqabət var. Bəs Azərbaycan və Rusiyada bunların hansı var? Rusiyada artıq bəllidir ki, Putin martda yenidən preizdent seçiləcək. Müəyyən mənada yeganə real şansı olan namizəd Tərəqqi Partiyasının Siyasi Şurasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri və  Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı idi. Onu da seçkilərə buraxmadılar. Azərbaycan hakimiyyətinin də əsas alternativi İlqar Məmmədovdur. O da seçkilərdə iştirak edə bilmir. Qondarma bir ittihamla həbsdədir. Azərbaycanda qurultay keçirmək üçün bir yer tapmaq mümkün deyil. Bu addımın kobud şəkildə qarşısını alırlar. Ermənistanda bunların heç biri yoxdur. Ermənistanda müxalifət parlamentdə oturub və qanunvericiliyin qəbul olunmasında bilavasitə iştirak edir. Konkret azadlıqlara gəlincə,  insan haqqların pozulması ilə bağlı Avropa İnsan haqları Məhkəməsinə Ermənistandan fərqli olaraq, Azərbaycan və Rusiyadan daha çox şikayətlər göndərilib.  Real olaraq, bizdə insan haqqların durumu daha pisdir. Təbii ki, bir sıra təşkilatlar və qurumlar Azərbaycan, Rusiya və Ermənistanda  insan haqqları və azadlıqlarının qorunması ilə bağlı problemləri daim araşdırırlar, hesabatlar verirlər. Onların nəticəsində də  “Freedom House” öz hesabatını hazırlayır. Mən bu hesabatı obyektiv hesab edirəm. Ancaq bu o demək deyil ki, biz erməniləri sevirik və ya onlar yaxşıdılar. Ermənistan düşmən bir dövlətdir  və Azərbaycanın torpaqlarını işğal edib. İndiki şəraitdə real vəziyyət onlarda daha yaxşıdırsa, bunu demək lazımdır. Çalışmalıyıq ki, bizdəki vəziyyət də yaxşılaşsın”.Nəzakət Məmmədova: “Ermənistanın öz senyoru Rusiyadan guya daha azad ölkə kimi göstərilməsi məntiqsiz və əsassızdır”. “Freedom House” təşkilatının yaydığı hesabatın həqiqəti əks etdirmədiyini vurğulayan politoloq Nəzakət Məmmədov hesab edir ki, Azərbaycan kimi, hər bir suveren dövlətə qarşı bu cür qərəzli yanaşmaların olunması qaçılmazdır:“Orta əsrlərdə dövlətlər arasında senyor-vassal münasibətləri olanda belə bir prinsip var idi: “vassalımın vassalı mənim vassalımın deyil”. İndi Ermənistanın oz senyoru Rusiyadan guya daha azad ölkə kimi göstərilməsi məntiqsiz və əsassızdır. Ümumiyyətlə, bu cür təşkilatların hesabatlarının hansı meyarlara əsaslanaraq  tərtib olunduğu indiyədək müəmmalı qalır. Ümumiyyətlə, azadlığın ölçüsünü qiymətləndirmək mümkündürmü?! Mümkün deyil. Hətta ən demokratik hesab olunan ölkələrdə belə tam azadlıqdan söhbət gedə bilməz, çünki bu, anarxiyaya gətirib çıxarır. Düşünürəm ki, bu günlərdə terror təhlükəsi olan ölkə kimi Azərbaycanın göstərilməsinin ardından indi də ölkəmizin guya azadlıqların olmadığı ölkə kimi göstərilməsi arasında əlaqə var. Bu, müstəqil siyasət yeridən, Türkiyə, Rusiya, İran kimi qonşu ölkələrlə mehriban qonşuluq əlaqələri saxlayan, öz ərazisindən onlara qarşı hər hansı fəaliyyətə imkan verməyən ölkəmizə təzyiq məqsədi daşıyır. Üstəlik, Bakı-Qars layihəsində Azərbaycanın fəal iştirakı, Qüds məsələsindəki mövqeyimiz, son zamanlar ABŞ-la yolları ayrılan Britaniya ilə neft müqavilələrini yeniləməyimiz və s. müəyyən dairələrin xoşuna gəlmir.Biz ABŞ dedikdə 50 ştatdan ibarət, vahid Konqresi, Dövlət Departamenti, Administrasiyası olan bir dövləti nəzərdə tuturuq. Lakin bu dövlətin özündə də qərarların qəbul edilməsinə təsir göstərən bir neçə güc mərkəzləri var. Məhz onların bağlı olduğu dairələr müəyyən proseslərə, o cümlədən bu cür təşkilatların hesabatlarına təsir göstərir. Doğrudur, beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları dövlətlər üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Çünki onlar qarşısında dövlətlərin öhdəliyi yoxdur. Lakin ictimai rəydə müəyyən fikir formalaşmasına , yeri gəldikdə qeyri-rəsmi şəkildə də olsa bəzən onların rəylərinə istinad olunmasını istisna etmək olmaz. Lakin məlumatlı mənbələr yaxşı bilir ki, bu təşkilatlar xüsusi xidmət orqanlarının örtük təşkilatlarından başqa bir şey deyil.Azərbaycan müstəqil siyasət yeridir. Bu, birmənalı surətdə belədir. Bu cür suveren, öz ixtiyarı özündə olan, heç bir kənar gücə tabe olmayan ölkələr isə heç də hamını qane etmir və onlara qarşı qərəzli münasibət daim olub və olacaq. Müstəqilliyin əvəzlərindən biri də elə bu cür hesabatların olmasıdır. Baxmayaraq ki, adının mənası “Azadlıq Evi” olan təşkilat azadlıq carçısı yox, imperialist jandarmı kimi çıxış edir”.Nəsimi Məmmədli: “Bəzən mənə elə gəlir, hansısa “qüdrətli əl” qəsdən ölkəmizdə elə durum yaradıb ki, beynəlxalq arenada Ermənistan və “Dağlıq Qarabağ” Azərbaycandan daha azad görünsün”.Hesabatda Azərbaycan ərazisinin mübahisəli ərazi kimi ifadə edilməsinin beynəlxalq hüququn pozulduğunu göstərdiyini bildirən politoloq Nəsimi Məmmədliyə görə, ümumən hesabatın nəticəsi reallığı əks etdirir:“Kimin necə yanaşmasından asılı olmayaraq, “Freedom House” kifayət qədər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatıdır. O, hər bir ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır və yayır.  Onun hesabatları yalnız  siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunmur, həm də demək olar ki qərbin bütün dövlətləri bu hesabatları ciddi qəbul edir. Hətta BMT-nin hesabatlarında da bu qurumun sənədlərinə istinad edilir. Ölkə daxilində insan hüquq və azadlıqlarının real durumu ilə bağlı aparılan ən səthi monitorinqlər də təsdiq edər ki, “Freedom House” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir. Avropa Şurasının müəyyən etdiyi kriteriyalarla yanaşsaq ölkəmizdə 150-dən çox siyasi məhbus var. Ümumiyyətlə qanunsuz həbslərin, saxlanmaların, işgəncələrin sayına görə ölkəmiz Avropada liderlik edir. Ölkəmizdə demokratik seçki keçirilmir, müxalif siyasi partiyaların sərbəst fəaliyyəti qeyri-rəsmi qadağan edilib, söz azadlığı boğulub, birləşmə hüququ, ifadə azadlığı və digər azadlıqlar yox səviyyəsindədir. Belə bir mühitdə biz bu hesabatın ölkəmizlə bağlı hissəsini necə obyektiv hesab etməyək? Bəzən mənə elə gəlir, hansısa “qüdrətli əl” qəsdən ölkəmizdə elə durum yaradıb ki, beynəlxalq arenada Ermənistan və “Dağlıq Qarabağ” Azərbaycandan daha azad görünsün. Sanki bu istiqamətdə məqsədyönlü bir siyasət aparılır ki, Azərbaycanın beynəlxalq imici daha da aşağı ensin. Bu, olduqca düşündürücü və qorxulu ssenariyə bənzəyir.Ermənistanın daxili azadlıq reytinqini bizim buradan qiymətləndirməyimiz obyektiv olmaz. Onu Ermənistanın müstəqil və müxalifət qurumlarının qiymətləndirməsi daha obyektiv olar. Kənar müşahidələr göstərir ki, həqiqətən də Ermənistanda hüquq və azadlıqlarla bağlı problemlər tədricən yoluna qoyulur. Ciddi hüquqi-siyasi islahatlar aparılır, Avropa Birliyinə doğru inteqrasiya meylləri intensivləşib, müxalifətə və mediaya qarşı total repressiyalar görünmür. Əgər biz kənardan qiymətləndirici meyar kimi Ermənistan  və Rusiyanın azad mətbuatına və müxalifətin bəyanatlarına istinad etsək, o zaman “Freedom House”un qiymətləndirməsi ilə razılaşmaq olar. Bu baxımdan Ermənistanda hüquq və azadlıqların durumunun Rusiyadan daha yaxşı olduğu qənaəti yaranır. Hesabatın “Dağlıq Qarabağ”la bağlı hissəsində qondarma rejimin orada yaşayan yerli əhaliyə münasibətini də obyektiv şərh edə bilmərəm. Çünki bu barədə dəqiq bilgilərim yoxdur. Ancaq hesabatda Azərbaycan ərazisinin mübahisəli ərazi kimi ifadə edilməsi beynəlxalq hüququn pozulmasıdır. Bunu ölkəmizə qarşı ədalətsiz hesab edir və şiddətlə qınayıram”.Gülşən ŞƏRİFpia.az