Fazil Məmmədov ortaya çıxdı və Sahib Ələkbərovu tutduğu vəzifədən azad etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub
Məlumata görə, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.Nazir vəzifəsindən uzaqlaşdırılsa da, Güləş Federasiyasının rəhbərliyində qalan F.Məmmədovun Vergilər nazirin müavini, yəni özünün keçmiş müavini Sahib Ələkbərovu federasiyadan uzaqlaşdırması maraqlıdır və təsadüfə oxşamır. Hər halda bu, adi kadr dəyişikliyi təsirini bağışlamır. Ümumiyyətlə, siyasi hakimiyyətin güclü pressinqi altında olan Fazil Məmmədovun Güləş Federasiyasının rəhbərliyində qalması, üstəlik hətta burda kadr dəyişikliyi etməsi çox təəccüblüdür. Xüsusən də onun vəzifəsindən uzaqlaşdırdığı şəxsin – Sahib Ələkbərovun Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərovun atası olması faktını nəzərə aldıqda.Olmaya F.Məmmədov bununla güc göstərir? Bəlkə demək istəyir ki, hələ yıxılmayıb, ayaqdadır? Qəti bir söz demək çətindir. Amma istənilən halda, keçmiş nazirin keçmiş müavinini – hazırda hakimiyyətdəki ən təsirli fiqurlardan birinin atasını vəzifəsindən uzaqlaşdırması adi hadisə deyil.Mənbə: AzPolitika.infopia.az