Partiyadakı sözçüsü Sərkisyanın gələcəyindən danışıb

Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov prezident Serj Sərkisyanın gələcəyi ilə bağlı sualı cavablandırıb
Novator.az-ın məlumatına görə, “Azatutyun” televiziyasına danışan Şarmazanov deyib: “Serj Sərkisyan bizim komandanın şəksiz lideridir. Biz respublikaçılar üçün bir lider var. 2018-ci ildən sonra da Serj Sərkisyan bizim liderimiz olaraq qalacaq. Hansı statusda? Bunu prezident partiya ilə müzakirə edəcək və 2018-ci ilin aprelindən sonra qərarımızı açıqlayacağıq”.Şarmazanov bildirib ki, konstitusiya islahatlarından sonra dövləti parlamentdə üstünlük qazanmış siyasi qüvvələr idarə edir. Parlament sədrinin müavini Sərkisyanın baş nazir olub-olmayacağı barədə sualı cavablandırmaqdan yayınıb, sadəcə deyib ki, prezident parlamentdəki siyasi çoxluğun lideridir və bu, şübhə doğurmamalıdır.Serj Sərkisyan Ermənistan Respublika Partiyasına 2006-cı ildə üzv olub. 2007-ci ilin noyabr ayından isə bu partiyaya sədrlik edir.2008-ci ildən prezident kürsüsünü tutan Serj Sərkisyanın ikinci səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır. Ermənistanda belə bir qənaət var ki, Sərkisyan bundan sonra baş nazir kürsüsündə əyləşəcək.2015-ci ildə qəbul edilmiş yeni konstitusiya ilə Ermənistan mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.Bu ilin martında Serj Sərkisyan gələcək fəaliyyəti ilə bağlı məsələyə toxunaraq deyib ki, başçılıq etdiyi partiya parlament seçkisindən qalib çıxsa, hər hansı bir statusda xalqın təhlükəsizliyi işində rol ala bilər: “Mən bilmirəm bu nə status olacaq. Amma hər hansı bir statusda gərəkli ola biləcəyim dəqiqdir”.Bu il aprelin 2-də seçilmiş 105 nəfərlik parlamentdə Respublika Partiyasının 58 mandatı var. Onun hökumət ortağı Daşnaksütun Partiyası 7 mandata sahibdir.pia.az