İlk kitabımın kədəri
Qəşəm Nəcəfzadə yazır
Universiteti bitirib gəldim kəndə. Elə bil, arzularımın üstündən xətt çəkildi. Çünki mənim gələcək ideyalarımın hamısı şəhərlə bağlı idi. İlk kitab, tələbə yataqxanalarında görüşlər, radio və televiziya, oxucu məktubları və sair, hamısı qaldı uzaqda. Şəhərdə qalmaq, qeydiyyata düşmək, iş tapmaq çox çətin məsələ idi. Şəhər geyimlərim: ağ şalvar, cins köynək, hündürdaban ayaqqabı kənd üçün gülməli idi. Kənddə ayda iki dəfə naxıra gedirdim (buna mal növbəsi deyirlər), ağ şalvar, cins köynəklə naxır otarmaq arzularımın intiharı idi. Tək bir arzu məni xilas eləyirdi. Dost-tanışa, tanıyana-bilənə deyirdim ki, bu ay kitabım çıxacaq. Hamı deyirdi ki, müəllim, o kitabdan birini mənə verərsən. Kənddəkilərin də gözləməkdən və nəyisə soruşmaqdan (o da qalmış şəhər ola) ayrı üş-gücləri yoxdur. Hər dəfə soruşurdular, müəllim, ta nooldu, kitabın çıxmadı?! Kitab da aydan-aya, ildən-ilə gecikirdi. Bütün arzularım, ürəyim, hiss və duyğularım o kitabdan asılmışdı. Hətta belə misralar yazmışdım: “Kitabım çıxacaq, canım çıxacaq” və yaxud “məni unudan qız, bəlkə illərlə, onu çantasında gəzdirəcəkdi”. Hər il “Yazıçı” nəşriyyatı on gənc şairin kitabını buraxırdı. Bu il onlardan biri mən olacaqdım. İş o yerə çatdı ki, kolxoz sədri də kitab məsələsi ilə maraqlandı. Günlərin bir günü iri qarnını irəli verib dedi ki, müəllim eşitdim kitabın çıxacaq, məndən bir poema yaz, qoy o kitabda çıxsın. Mən də yarı könül “yaxşı” dedim. Yenə beş-altı ay keçdi, kitabın çapından xəbər-ətər yox. Belə olan halda sədr kolxoz iclasında deyirmiş ki, müəllim (yəni mən) yalan deyir, kitabı-zadı çıxmayacaq. Kitabı çıxan adam gəlib kənddə naxır otarmaz, gedər oturar şəhərdə. Günlərin bir günü Bakıdan xəbər gəldi ki, kitabın çıxıb, gəl siqnal nüsxəsini apar. Sevincimdən dəli oldum. Bir-iki gün gecikdim ki, qoy bu sevinc hissini doyunca yaşayım, inanmayanları inandırım. Əslində, yol pulum yox idi. Bunu açıb-ağartmırdım. Ayın başına az qalırdı. Ən nəhayət, maaşımı (barı maaş da maaş ola) aldım, naxır növbəmi yola verdim, qar yağa-yağa çıxdım Bakıya. “Yazıçı” nəşriyyatında mənə dedilər ki, get “Qızıl şərq” mətbəəsinə. Çətinliklə oranı tapdım. Ordan da dedilər ki, Sumqayıtda bir mətbəə var, kitabın orda çıxır. Mən o vaxt Bakını yaxşı tanımırdım, üstəlik də Sumqayıt ola. Sumqayıt hara, mən hara? Ömür boyu Sumqayıta getməmişəm. Bir yandan da bu qar. Taksinin canı sağ olsun, Sumqayıta yetişdim. Cəmi siqnal nüsxəsi kimi mənə beş kitab verdilər. Kitabları bükdüm qəzetə. Taksidə bəlkə də, yüz dəfə o bükülünü açıb yenə bökürdüm. Kitaba baxmaqdan doymurdum. Məsələni taksi sürücüsünə də açdım, o da yol pulunu bir az qaldırdı. Artıq ilk zərbəni aldım. Bu yol pulu rayona getmək yol pulunun başına daş saldı. Sevincək Dəmiryol vağzalında maşından düşdüm. O vaxt vağzalda tramvay işləyirdi. Külək az qala adamı yıxırdı. Yol pulu dərdini unutmaq üçün istədim kitablara bir də baxam. Elə bu zaman külək əlimdən kitabları alıb tramvayın təkərlərinin altına atdı. Mən parça-parça olmuş kitabları relslərin arasını yığılmış suyun içindən çıxardım. Kənara çəkilib parçaları bir yerə topladım. Bu kitablar heç kəsə göstəriləsi deyildi. Kənddə getməyə utanırdım.pia.az