Prezident İlham Əliyev yeni nazir təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb
PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilsin".PİA.AZ xəbər verir ki, Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı səfiri olub. Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludur. 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiridir. 2016-cı ildə Pərviz Oqtay oğlu Şahbazov Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ailəlidir, iki övladı var. Yeni nazir ingilis, alman və rus dillərini bilir.pia.az