"Siz nəyə nəzarət edirsiniz?"

"Dərsliklərdə və dərs vəsaitlərində yol verilən səhvlər Azərbaycan dövlətinə qarşı mənəvi və ideoloji təxribatdır”
Bunu "Sherg.az”a "Oyal” şirkəti tərəfindən istehsal edilən dəftərlərdə Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinə münasibət bildirərkən Azərbaycanın xalq şairi, sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. O vurğulayıb ki, Nizami Gəncəvini bütün dünya Azərbaycan şairi kimi tanıyır və tanımalıdır:"Azərbaycan dövlətinin hesabına Nizami Gəncəvi haqqında Amerikada kitab buraxılır. Bu kitaba ön söz yazan amerikan alimi Nizaminin Azərbaycanda doğulduğunu, yazıb yaratdığını qeyd edir, lakin onu fars şairi kimi təqdim edir. Həmin kitab bizim pulumuzla çap edilir və xüsusi təbliğatı aparılır. Təəssüf ki, belə təbliğatlar mövcuddur. Ən acınacaqlısı isə bu təxribatların çoxunun dövlətin maliyyələşdirdiyi təşkilatlar tərəfindən həyata keçirilməsidir. Niyə nəzarət olunmur, anlamıram.Nizami Gəncəvi təxəllüsünü doğulduğu, yaşadığı şəhərin adına uyğun götürüb. Həmin dövrdə Gəncə şəhərində barmaqla sayılacaq qədər fars yaşayırdı. Gəncə türk, Azərbaycan şəhəri idi. Əsas məsələ isə dil mütəfəkkirlərin mənsubiyyətini müəyyənləşdirmir. Məsələn, Avropa yazıçılarının çoxu latın dilində yazıb, yaradıblar. Lakin hərəsi öz xalqının təmsilçisidir. Çingiz Aytmatov rusca yazırdı, amma qırğız yazıçısıdır. Olcas Süleymenov rus dilində yazıb, lakin qazax şairidir. Eynilə Maqsud İbrahimbəyov və Çingiz Hüseynov rusca yazırlar, lakin Azərbaycan yazıçılarıdır”.S.Rüstəmxanlının sözlərinə görə, dünya artıq bu məsələni aydınlaşdırıb və müəyyən sistem formalaşıb:"Azərbaycan torpağında yaşamış, yazıb, yaratmış çox mütəfəkkirlərin dinimizin dili olan ərəb və fars dillərində əsərləri var. Lakin bu onların milli-etnik mənsubiyyətini dəyişmir.Dil həmin vaxt dövlət dili olaraq bəzən zorakılıqla qəbul etdirilir. O dildə yazmağı tələb edib, məcburiyyət qarşısında qoyublar. Necə ki, cəmi 30 il bundan əvvəl bütün idarələrdə yazışmalar rus dilində idi, iclaslar rusca aparılırdı. Bu, o demək deyil ki, Azərbaycanda yaşayanlar rus idi.30-35 milyon Azərbaycan türkü İranda yaşayır. Onların içərisində əsərlərinin çox hissəsini türkcə yazan şəxslər var. Yerdə qalanları farsca yazır. Məhəmmədhüseyn Şəhriyar özü əsərlərinin 90 faizini farsca yazmışdı. Bu onun fars şairi olması demək deyil ki?! Ona görə də bu, ancaq təxribatdır”.Azərbaycanda müxtəlif etnik qrupların məskunlaşdığını diqqətə çatdıran xalq şairinin sözlərinə görə, həmin etnik qrupların nümayəndələri dahiləri öz mənsubiyyətinə daxil edirlər:"Məsələn, ölkədə kürd qəzeti dərc edilir. Həmin qəzetdə Nizami Gəncəvi və Şah İsmayıl Xətai kürd kimi təqdim edirlər. Həmçinin talış mətbuat orqanları, talışların cəmiyyətləri də adıçəkilən şəxsləri talış hesab edirlər. Azərbaycandakı azsaylı xalqlar dövləti quran titul millətə – Azərbaycan türklərinə sayğısız yanaşırlar. Əksəriyyət bu cür davranır.Bu məsələlərdən qaynaqlanan təxribatlar orta məktəblərə gedib çıxırsa, məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik nəyə nəzarət edir? Belə hallar istintaq orqanlarına təqdim olunmalıdır ki, cəzası verilsin”.Qeyd edək ki, "Oyal” şirkəti məsələyə münasibət bildirib. Şirkətin məlumatına görə həmin məlumat vikipediyadan götürülüb, səhv də bununla bağlıdır.pia.az