Artıq insanlar iş tapmaq üçün paytaxta axın etmirlər? - Nazirin iddiasına sosioloq şərhi

Sosioloq: “Qeyri-neft sektorunun inkişafına istiqamətlənən addımlar regionların turistik və aqrar potensialına maraq yaranmasına səbəb olub”
“Bir vaxtlar valideynlər övladlarının prokuror, daha sonra isə neftçi olmağını arzulayırdısa, hazırda ölkədə ən gəlirli və məşğulluğun artdığı sahələrdən biri aqrar sahədir”.Bu sözləri sosioloq Cavid İmamoğlu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun  işçi qüvvəsi axını ilə bağlı fikirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) X Avropa Regional İclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində çıxışı zamanı bildirib ki, əvvəllər kəndlərdən şəhərlərə yönələn işçi qüvvəsi axını artıq əksinə, şəhərlərdən kəndlərə qayıdışı prosesi ilə əvəz olunur. Nazirin bu fikirləri ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və bir çoxları sual etmişdi: Doğrudanmı, artıq insanlar iş tapmaq üçün paytaxta paytaxta deyil, regionlara üz tuturlar?Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sosioloq Cavid İmamoğlunun fikirlərini öyrənib.Cavid İmamoğlu: “Bu gün yerli səviyyədə güclü aqronomlara, kənd təsərrüfatı üzrə mütəxəssislərə ehtiyac yaranıb”.Son illərdə qeyri-neft sektorunun inkişafına istiqamətli addımların atıldığını bildirən sosioloq Cavid İmamoğluna görə, ölkə prezidentini kənd təssərrüfatına ayırdığı diqqət və atılan adımlar aqrar sahəyə olan marağı artırıb:“Ümumilikdə götürsək, ötən illərlə müqayisədə əmək bazarının keyfiyyət tərkibində bir sıra gözə çarpacaq dəyişikliklər var. Xüsusi ilə son illər istehsalat sahələrinin intensiv mərhələyə keçməsi ölkədə müxtəlif istiqamətlər üzrə işçi qüvvəsinə ehtiyac yaradıb. Xüsusilə də qeyri-neft sektorunun inkişafına istiqamətlənən addımlar regionların turistik və aqrar potensialına maraq yaranmasına səbəb olub. Bir vaxtlar valideynlər övladlarının prokuror, daha sonra isə neftçi olmağını arzulayırdısa, hazırda ölkədə ən gəlirli və məşğulluğun artdığı sahələrdən biri aqrar sahədir. Bu gün yerli səviyyədə güclü aqronomlara, kənd təsərrüfatı üzrə mütəxəssislərə, həmçinin menecerlərə ehtiyac yaranıb. Bu ehtiyacın ödənilməsi aqrar sahənin inkişafında xüsusi rol oynayacaq. Digər tərəfdən, işçi hüquqlarının gündəmdə saxlanılması əmək şəraitinin yaxşılaşması ilə müşahidə olunur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər burada rol oynayır”.Gülşən ŞƏRİFpia.az