Nə olacaq Azərbaycanın bank sisteminin halı?

Bank üzrə ekspert: “Bank sisteminin sağlamlaşdırılması üçün atılmalı olan ilk addım onlardan qanunsuz çıxarılan vəsaitlərin geri qaytarılmasıdır”
“Faktiki olaraq, bankları talayıblar. Taladıqlarını da vicdanlı bank müştəriləri hesabına bərpa etmək istəyirlər”.Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov bank sisteminin sağlamlaşdırılması prosesini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.Qeyd edək ki, dünən Milli Məclisin payız sessiyası açılış iclasında ölkənin bank sistemindəki vəziyyət əsas müzakirə obyektlərindən biri olub. Deputat Əli Məsimli bildirib ki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur, problemli kreditlər də iki dəfədən çox artıb, təhlükəli həddə çatıb: “Dünyanın heç yerində borcu olanı həbs etmirlər. Kimsə borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir, borca görə vətəndaşı həbs etmirlər. Bu, dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq. Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı ilə yardım edə bilər”, deyə deputat öz çıxışında qeyd edib. Deputat onu da vurğulayıb ki, prezident seçkilərinə bir il qaldığı müddətdə Azərbaycana qarşı təzyiqlər artmaqdadır və bu təzyiqlərə ən mükəmməl cavab islahatların genişləndirilməsi, islahat xarakterli qanunvericiliyin qəbul edilməsidir.Deputat Vahid Əhmədov da bank sistemindəki ağır durumdan bəhs edib: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda biz hesab edirdik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Amma çox təəssüflər, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Ona görə də təklif edirəm ki, bank sistemi rəhbərliyi ilə Milli Məclisdə görüş keçirilsin. Cənab sədr, mən xahiş edirəm, keçən sessiyada da bu barədə təkliflər vermişdim, birgə müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var. Bu gün bank sistemində faizlər 28-30 faizdən aşağı düşmür”. Xatırladaq ki, ötən il yanvarın 12-də  manat tam üzən məzənnəyə keçdikdən sonra dollar qarşısında 5%-ə yaxın dəyərdən düşdü. Nəticədə isə bank sektorunda baş verən hadisələr fəaliyyətində problemlər olan bir sıra bankların bağlanmasına səbəb oldu və bu proses hələ də davam etməkdədir. Bəzi iqtisadçılara görə, bank sektorundakı vəziyyəti yaxşılaşdırmaq üçün Mərəzi Bank və  Banklara Nəzarət Palatası qısa müddətdə bankların sağlamlaşdırılması üçün proqram hazırlamalı və bu proqram həyata keçirməlidir. Maraqlıdır ki, bankların bağlanmasını bank sisteminin sağlamlaşdırılması prosesinin tərkib hissəsi hesab etmək olarmı və bank sistemində sabitliyin yaranması hansı şərtlər altında və hansı zaman çərçivəsində baş verə bilər? Onu da qeyd edək ki, faktiki olaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2018-ci ildə 4.5 trilyon dollar əskinazı dövriyyədən çıxarmağı planlayır. Bəzi ekspertlər hesab edir ki, bu dolların kəskin bahalaşmasına səbəb olacaq. Dollar kəskin bahalaşarsa, bu Azərbaycanın bank sisteminin sağlamlaşdırılmasına, xüsusən də problemli kreditlərə necə təsir edəcək?Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.Əkrəm Həsənov:  “Bazarda hələ də qeyri-sağlam banklar qalıb və onlar sistem üçün təhlükədir. Elə “AtaBank”ın özü belə öhdəliklərini min cür bəhanə ilə icra etmir”.Bazarda hələ də qeyri-sağlam banklar qaldığını bildirən Əkrəm Həsənov qeyd edib ki, bank sisteminin sağlamlaşdırılması üçün atılmalı olan ilk addım onlardan qanunsuz çıxarılan vəsaitlərin geri qaytarılmasıdır:“ Sonuncu bağlanan bank ötən il “Bank Standard” olub. Bu baxımdan bankların bağlanması prosesi dayandırılıb. Düzdür, yazda “CDB Bank” “Ata Bank”a qoşularaq bazarı tərk etdi. Amma hər halda ləğv olunmadı, sadəcə digər bankın tərkibində fəaliyyətini davam etdirdi. Ümumən hesab edirəm ki, bank sisteminin təmizlənmsi labüddür və onun sağlamlaşdırılmasına xidmət edir. Bazarda hələ də qeyri-sağlam banklar qalıb və onlar sistem üçün təhlükədir. Elə “AtaBank”ın özü belə öhdəliklərini min cür bəhanə ilə icra etmir. Bütövlükdə bank sisteminin sağlamlaşdırılması üçün atılmalı olan ilk addım onlardan qanunsuz çıxarılan vəsaitlərin geri qaytarılmasıdır. Məlumdur ki, bank rəhbərləri kredit adı ilə əsassız kreditləri veriblər və onlar qayıtmayıb, Mərkəzi Bank da buna  göz yumub. Faktiki olaraq,  bankları talayıblar. Taladıqlarını da vicdanlı bank müştəriləri hesabına bərpa etmək istəyirlər. Dövlət buna imkan verməməlidir. Talançılardan çıxarılan vəsaitin qaytarılması tələb edilməlidir. Bu istiqamətdə hüquq-mühafizə orqanları artıq bəzi işlər görür. Amma balıq başdan iylənir. Mərkəzi Bankdan başlamaq lazımdır. Problemin kökü oradadır”.Əkrəm Həsənov: “Dollar gəlirlərimiz azalacaq, manat yenə devalvasiyaya məruz qalacaq”.FED-in dolların dövriyyəsi ilə bağlı ehtimal olunan proqnozuna da münasibət bildirən bank üzrə mütəxəssis  Əkrəm Həsənova görə, ABŞ-ın  dollar kütləsini azaltmağa məcbur olması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Belə ki, manatın yenə devalvasiyaya məruz qalması ehtimalı yüksək olacaq:“2008-ci ildən tüğyan edən qlobal maliyyə böhranını çözmək üçün FED dövriyyəyə heçnə ilə təmin olunmayan 4,5 trln. dollar buraxıb. Bu da öz növbəsində dünya maliyyə bazarlarında “sabun köpüyü”nü daha da şişirdib və əvvəl-axır partlayacaq. Hazırkı maliyyə modeli süni bir şeydir, arxasında real iqtisadiyyat durmur. Yəni, mövcud olan dollar kütləsinin arxasında real maddi dəyər, əmlak yoxdur. Buna görə də ABŞ dollar kütləsini azaltmağa məcburdur. Bu, həmçinin ABŞ-ın siyasi istəklərinə də uyğundur. Dollar kütləsinin azaldılması digər ölkələrdə, xüsusən inkişaf edən ölkələrdə vəziyyəti ağırlaşdıracaq. Çünki az dollar “bahalı dollar” deməkdir. Necə ki, bizdə Mərkəzi Bank manat kütləsini azaldıb deyə manatın ucuzlaşması prosesi dayanıb. Dolların da miqdarı azalsa, dəyəri artacaq, o cümlədən avroya və digər valyutalara münasibət də artacaq. Nəticədə dünya maliyyə bazarlarını da təlatüm gözləyir. Neftin qiyməti də yenə ucuzlaşacaq. Təbii, bütün bunlar bizim üçün də mənfi haldır. O deməkdir ki, dollar gəlirlərimiz azalacaq, manat yenə devalvasiyaya məruz qalacaq. Bu isə problemli kreditlər məsələsini daha da kəskinləşdirəcək.  Buna görə də təcili tədbirlər görmək lazımdır. Çünki bütün bunlar prezident Trampın proqramına zidd olsa belə, yaxında icra olunacaq. Məsələ burasındadır ki, ABŞ-ı prezident və parlament deyil, maliyyə dairələri idarə edir. Onların sözü, o cümlədən, Tramp üçün də qanundur və başqa yolu yoxdur. Buna görə də elə də çox vaxt qalmayıb”.Gülşən ŞƏRİFpia.az