Merkel Şimali Koreya böhranında vasitəçi olmaq istəyir

İkinci “İran sazişi” baş tutacaqmı?
Almaniya kansleri Angela Merkel ölkəsinin Şimali Koreya ilə gələcək nüvə danışıqlarında fəal rol oynayacağını deyib. Merkel bildirib ki, Pxenyanla gələcək saziş 2015-ci ildə İranla bağlanmış sazişin nümunəsində tərtib edilə bilər.BBC radiosunun məlumatına görə, bu barədə "The Guardian" qəzeti yazıb.Məqalədə deyilir ki, xanım Merkelin bu məsələ barəsində bəyanat verməsi Qərbi Avropada Donald Trampın Koreya yarımadasına yönəlik siyasətindən narahatlığın artdığını göstərir. 2015-ci ildə İranla nüvə sazişinin imzalanmasında Almaniya, Fransa və Britaniya mühüm rol oynamışdılar: "Əgər bu danışıqlarda bizim iştirakımıza ehtiyac olsa, mən dərhal "hə" deyərdim" – deyə Merkel "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetinə verdiyi müsahibədə bildirib.Xanım Merkel 2015-ci ilin iyulunda Vyanada İranla imzalanmış sazişi model kimi gördüyünü deyib. Kansler BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya və İran arasında bağlanmış bu sazişi "uzun, lakin mühüm diplomatiya" adlandırıb. Vyanada imzalanmış sazişə görə İran üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. Lakin bu saziş İranın atom bombası istehsal etməsinin qarşısını almalı idi. Halbuki Şimali Koreyanın belə bir bombası artıq var. Şimali Koreya lideri Kim Çen In ölkəsinin sentyabrın 3-də hidrogen bombasını uğurla sınaqdan keçirməsi münasibətilə təntənəli ziyafət verib."The Guardian" yazır ki, BMT Təhlükəsizlik Şurası bu gün Şimali Koreya üzərinə daha sərt sanksiyalar qoyulmasına dair ABŞ-ın təklif etdiyi qətnamə layihəsini müzakirə edəcək. Bu layihəyə əsasən Şimali Koreyaya neft embarqosu qoyulmalıdır. Məqalədə deyilir ki, böyük bir ehtimalla Rusiya və Çin bu qətnamənin daha yumşaq olmasına çalışacaqlar. Digər tərəfdən Təhlükəsizlik Şurasının üzvləri Tramp administrasiyasının bundan qəzəblənərək BMT müzakirələrini tərk edə biləcəyindən narahatdırlar.pia.az