Yazıçı olmağın üç şərti

Niyə ürəyimiz istəyəni yaza bilmirik?
Niyə dünyaya çıxa bilmirik? Niyə bizdə alınmır? Suallar çoxdur. Mənə görə, Azərbaycan ədəbiyyatının üç vacib problemi var. Sıralayaq... 1. İstedad Əslində, ölkəmizin istedad problemi heç vaxt olmayıb. Ənənəvi istilahla desək, torpaq yetirir! Ancaq istedadı reallaşdırmaq üçün lazımı mühitin olmaması çox vaxt bu istedad sahiblərinin toplumda görünməsinə, qiymət almasına imkan vermir. Azərbaycan istedadlarla yox, məhv olmuş istedadlarla doludur. Dolanışıq dərdi gənc şair və yazıçıların axırına çıxır. Bir yandan da ətrafdakı dərd-əzablara dözməyib içkiyə qurşanmaq mərəzi... Vəziyyət ağırdır.      2. İntellekt İstedadlı adamların içərisində nadir adamlar olur ki, bu mərhələyə adlaya bilir. Elə bir istedadın məhv olması onun bu və ya digər səbəblərdən gəlib intellekt mərhələsinə ulaşa bilməməsinə görədir. Ədəbiyyatda intellekt hər şey deyil, amma çox şeydir. İntellektli adam dərdə-ağrıya da dözüm tapır, onu ədəbi məhsula çevirərək özünü xilas edir. Üstəlik intellektli adamın dolanışıq, yaşayış dərdi çox olmur. Çünki, nə qədər olmasa savadlı, bacarıqlı, zəhmətkeş insanlar daha asan iş tapa bilirlər. 3. Şəxsiyyət Şəxsiyyət olmasa, bir ədəbiyyat adamının istedadı və intellekti heç nəyə yaramayacaqdır. Heç nəyə yaramaması bir yana, ədəbiyyata ziyan vuracaqdır. Ədəbiyyat mənəviyyatla sıx bağlı məsələ olduğundan burda oyunbazlıq, üzgörənlik, yaltaqlıq çox pis görünür. Kənardan baxanları sözdən iyrəndirir. Ona görə, şəxsiyyəti olmayan istedadlı intellektual çox təhlükəlidir. Belə adamları adətən prinsipsizliyindən, ikili, üçlü standartlarla düşünmələrindən, ədəbiyyatı şəxsi ambisiyalardan uca tutmalarından asanlıqla tanımaq olar. Bütün dünyada olduğu kimi bizdə də sabaha daşınacaq, sabaha işıq salacaq ədəbiyyatı istedadı, intellekti və şəxsiyyəti olan insanlar yaradacaqlar. Necə ki yaradıblar. Şərif AĞAYAR(kulis)pia.az