Bakıda kitab festivalı keçirildi

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda “451 – BOOK FESTİVAL” adı ilə böyük kitab festivalı keçirdi
 Kulis.Azın verdiyi məlumata görə, festival saat 15:00-da ADO-nun binasında baş tutdu. “451 hərəkatı”nın təşkil etdiyi kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılmışdı. Festivalı giriş sözü ilə ADO teatrının bədii rəhbəri, aktyor Elmin Bədəlov açdı. O, oxucuları 23 fevral Beynəlxalq Kitab Festivalı münasibəti ilə təbrik etdi, gələcək planlarından danışdı. Kitab festivalının təşkilatçısı, “451 hərəkatı”nın yaradıcısı yazar Kamal Akan isə çıxışında bildirdi ki, bu hərəkatın yaranmasında məqsəd ənənəvi çərçivələri dağıtmaq və müasir incəsənəti təqdim etməkdən ibarət olacaq. Daha sonra çıxış üçün festivalda iştirak edən yazarlara söz verildi. Qismət Rüstəmov, Cəlil Cavanşir, Nərmin Kamal, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Orxan Bahadırsoy, Tural Şahtahtinski, Murad Məmmədov, Ulucay Akif festival haqqında təəssüratlarını bölüşdülər. Çıxışlardan sonra yazarlar kitablarını imzaladılar. Festival musiqi nömrələri ilə davam elədi. Daha sonra Elmin Bədəlovun ifasında Tural Şahtaxtinskinin “Nina” hekayəsi oxundu. pia.az