Mirpaşa müəllimin arzusu

Kəndimizdə məni oxumuş, tanınmış, əli hər yana çatan bir adam kimi tanıyırlar. Tanınmağımın əsas səbəbi də televiziyalardır. Bir sözlə, kəndimiz televizorçudur
Bizim kənd camaatının nəzərində bir adam ki, televiziyaya çıxa, orda şeir oxuya, deməli dünyanın ən bəxtəvəridir. Əgər televiziyaya çıxdınsa, deməli istədiyin  bir işi düzəldə bilərsən, yəni kənd dilində desək, həmin işi səndən başqa heç kəs aşıra bilməz. İşə bax ha, hələ rəhmətlik nənəm  kənddəki adamları mənlə qorxuzurdu. Kəndə getdimmi, hərə məndən bir iş xahiş edir: qazımız zəif gəlir, gör neyləyirsən? Yolumuz kələ-kötürdür, televiziyaya çıxanda  bir bizim yolumuzdan da danış. Deputat seçəndə başqasını seçirlər, xahiş eləyəndə mənə eləyirlər. Xalamın xahişinə bax:  Ay bala, xalan oğlu bu il universitetin hüququnu  bitirir, onu prokuror olmasa da,  müstəntiq  qoydur. O gün müəllimə bacım məktəbdə gileylənirmiş ki, oğlum  imtahandan kəsilib. Süpürgəçi arvad o yandan durub deyib ki, sən də fikir elə, biz də. Qardaşın gündə televizora çıxır. Onun əlində bu iş nədir ki?! Nə isə, gələk Mirpaşa müəllimin dombalaq aşmaq arzusuna, onun  dili ilə desək, tərəkəmənin qədim və unudulmuş  olimpiya oynuna. Mirpaşa  kəndimizdə bədən tərbiyəsi müəllimi olub. Daha işləmir. Yaşı ötdüyünə görə təqaüdə göndəriblər. O günü durub gəlib Bakıya, düz evimizə.  Özü də necə gəlib, pay-puş, göy-göyərti, toyuq-quş, qoz-fındıq, yağ-bal, bir sözlə,  kəndi gətirib  töküb bizim qapıya. Özü də oturub qapıda  məni gözləyir. İçəri keçməyib ki, şəhər evlərində ürəyim darıxır, mənimki həyət-bacadır. Mən gələnə kimi evdəkilərə də gəlişinin məqsədini azdan-çoxdan anladıb. Həyətə girən kimi Mirpaşa müəllim quş kimi atılıb boynumu qucaqlayır. İdman dərslərini yadına salır. Əsgərlikdə erməni uşaqlarına qan uddurduğunu  iki daşın  arasında mənə xatırladır. Düşünürəm, əgər Mirpaşa müəllim ermənilərə qan uddurduğunu bu tələsikdə yadıma salırsa, deməli qəlbimin yuxa yerindən yapışır ki, deyəcəyi məsələnin cavabı  internet  dilində “ok” olsun. Mirpaşa müəllim kənd və əsgərlik qoçaqlığından bir-iki hadisə danışıb keçir əsas mətləbə. - Müəllim, mənə çox adam çox söz dedi, dedim, yox ey, gedəcəm öz əmimoğlunun yanına, tez-tez televizora çıxır, əli hər yana çatır. Xeyrimi aparım niyə başqasına verim? Elimin pisinin  başına dönüm. - Mirpaşa müəllim, danış görüm, nə məsələdir? - Müəllim, televizora çıxmaq istəyirəm. - Oxuya bilirsən? - Yox, məndə səs nə gəzir? - Şeir yazırsan? - Yox, ay müəllim, sizin yanınızda  nə həddim var ki, şeir yazım.  - Bəs televiziya niyə çıxmaq istəyirsən? - Müəllim, mən yaxşı dombalaq aşa bilirəm. And olsun o böyük Allahın  birliyinə bir dəfə kənddən düz mal fermasına  qədər  dombalaq aşa-aşa getdim. Kənddən ora  10 kilometr yoldur. Sənə asan gəlməsin. - Axı belə bir veriliş yoxdur ki, sən orada dombalaq aşasan. - Müəllim, düzdü, yoxdur,  amma açdıraq. Bu saat camaat baxmağa  belə veriliş gəzir. Mən ayrı adam tapa bilərdim. Böyük qızımın  baldızı Aygün Kazımovanın prodüseridir. Ona deyərdim. Amma  niyə xeyri  özgəsinə verək? - Burda nə xeyir var ki? - Ay müəllim, dombalaq aşmaq verilişi açsaq, bax burdan (əlini alnına aparır) dolanarıq. Bu, böyük bir biznesdir. Mən iki kruq dombalaq aşdım ha, o saat özəl klinkalar  bizim verilişə sponsorluq edəcək. Hə,  bu saat onlar reklam gəzir. Həm də dombalaq aşmağın bir az idman tərəfi var - deyə birinci növbədə  klinkalar arasında  rəqabət olacaq. Mirpaşa müəllim görür ki, inanmağım gəlmir. Ona  görə ayağa qalxır. - Müəllim, inan mənə. Reklamda olan  pul heç harda yoxdur.  Mənim   tərəkəmə badalağım da var,  hələ onu heç kəs görməyib.  Olimpiya  oyunlarında  bu  badalaq fəndindən istifadə edilməyib. Hələ qoyun kimi mələyirəm, ağzımda qarmon çalıram. Əllərimi çənəmə dayayıb fikrə gedirəm. Mirpaşa müəllim dil-qəfəsə qoymur. - Müəllim, mənim dombalaqaşmaq  verilişimin reytinqi  Mikayılın şousunu keçməsə  adamı dəyişib it qoyaram. Bu uzundraz kənd adamının  marağına heyrətlənirəm.  Görəsən,  onu kim   bu həvəsə salıb, hansı hiss onu bu şəhərə gətirib? Xəyalımda  Mirpaşa müəllim dombalaq aşa-aşa  deyəsən 10 dəfə dairəni  başa vurur.(kulis)pia.az