Mehman Hüseynovun vəsatətləri təmin edilmədi

Həbsdə olan blogger Mehman Hüseynovun Suraxanı rayon məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış edib. Onlar prosesin audio-video görüntülərinin qeydə alınmasını, müdafiə etdikləri şəxsin vəkillərinin yanında oturmasını, həbs-qətimkan tədbirin dəyişdirilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, xüsusi ittihamçı olan Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəmə dindirilməsini, Mehman Hüseynovun saxlanınan zaman Nəsimi rayon Polis İdarəsində olan  müşahidə kameralarının  məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, həmçinin, bu təmin olunmayacağı təqdirdə işin birinci instansiya məhkəməsinə qaytarılmasını  istəyiblər.  Hakim vəsatətləri təmin etməyib. Məhkəmə baxışı aprelin 10-a təyin edilib.   Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.  DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.pia.az