“Bakı Moskva və Parisin planını pozur”

“Qarabağla bağlı əsas oyunu aparan Rusiya və Fransadır”
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politloq bildirib ki, hazırda Qarabağla bağlı bütün məsələlər üzrə Moskva və Parisin xətləri kəsişir:“ABŞ isə arada qalmış bir tərəf kimi vurnuxur və konseptual bir şey ortaya qoya bilmir. Üstəlik, yeni Amerika administrasiyasının timsalında bu məsələlər daha qeyri-müəyyən görünür. Belə bir şəraitdə danışıqlardan qaçan Ermənistan təqsirləndirilmir. Ona görə də Azərbaycan Minsk Qrupu formatının dəyişdirilməsi və danışıqlara vasitəçilik missiyasını BMT-nin öz üzərinə götürməsini gündəmə gətirməlidir. Yəni danışıqların ATƏT çərçivəsindən çıxarılması Bakının tələbləri sırasında yer almalıdır. Bu, danışıqlar prosesindəki ikili satandartlara son qoymaq üçün də müəyyən perspektivlər aça bilər”.Politoloq hesab edir ki, Azərbaycan müharibəyə ciddi surətdə hazırlaşmaqla yanaşı, beynəlxalq praktikada sülh ritorikası və bu zəmində Ermənistanın danışıqlardan yayınmasını xüsusi qabartmalıdır:“Faktdır ki, Ermənistana qəyyumluq gah silah satışı, gah da aqressora bir növ tərəfdaşlıq şəklində təzahür edir. Çünki nə BMT, nə də ATƏT səviyyəsində erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması fikirlərinə tamamilə rast gəlinmir. Deməli, Bakı siyasi manevrlərə əl atmalıdır. Bu, həm məsələnin canlanmasına xidmət edəcək, həm də sülh istəyimizi ortaya qoyacaq. Azərbaycan bunu da əsaslandırmalıdır ki, əgər beynəlxalq təşkilatlar bu cür susmağa davam edərsə, onda müharibə variantı işə düşəcək”.pia.az