Azərbaycan filmlərinin Avstriya təqdimatı baş tutdu

Azərbaycan filmləri 21-27 mart tarixlərində Avstriyada keçirilən LET`S CEE Film Festivalında iştirak edib
“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival çərçivəsində Vyanada Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və retrospektiv proqramda “Arşın mal alan” filmləri nümayiş olunub. Azərbaycan filmlərinin Avstriya təqdimatları Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. “Qırmızı bağ” filmi “İddialı debüt” proqramında nümayiş etdirilib. Tamaşaçıların marağını nəzərə alaraq, festival filmin əlavə olaraq xüsusi nümayişini də təşkil edib. Nümayişlərdə tamaşaçı və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak edib.“Klassik filmlərin seçmələri” proqramında Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunub.Festivalın qısametrajlı filmlər müsabiqə proqramında 11 Avropa ölkəsinin istehsalı olan filmlərlə birgə təqdim olunan Teymur Hacıyevin “Şanxay, Bakı” filmi təltifetmə mərasimində münsiflər heyətinin “Xüsusi vurğulama” ilə qeyd olunub.pia.az