Kürd bayrağı Türkiyəsiyasətini qarışdırdı – AKP ilə MHP üz-üzə gəldi

Son günlərdə Türkiyə gündəmini ən çox zəbt edən mövzulardan biri İraq kürd yönətiminin başçısı Məsud Bərzaninin İstanbulda qarşılanması sırasında baş verənlərdir
Azpolitika.info Türkiyə mətbuatına istinadən bildirir ki, İraqdakı kürd muxtariyyətinin liderinin Türkiyə ziyarəti zamanı bayraq skandalı yaşanıb. Məsələ ondadır ki, Barzaninin qarşılanma törəni və tərəflərin danışıqları sırasında Türkiyə və İraq bayraqları ilə bərabər, protokola kürd muxtariyyətinin bayrağı da daxil edilib. Bu isə Türkiyə cəmiyyəti, xüsusilə də MHP-lilər tərəfindən böyük hiddət və təpki ilə qarşılanıb. Hətta son zamanlar konstitusiyaya dəyişiklik referendumu ilə bağlı AKP-ni açıq şəkildə dəstəkləyən MHP lideri Dövlət Bahçeli də bu olaya biganə qalmayaraq, hökuməti sərt tənqid edib:“Dövlət başçısının bundan xəbəri varmı? Baş nazir arxasında dalğalanan bayrağı gördümü? Türk millətinə kəfən biçən bir çürümüşün (Məsud Barzaninin-red.) Türkiyədə qonaq olaraq qarşılanmasını və vətənimizin səmasında o sözdə bayrağın türk bayrağına bərabər tutularaq dalğalanmasını qətiyyən qəbul etmirik. Bu şəxs öncə PKK-ya göstərdiyi dəstəyin, şəhidlərimizin və Türkiyəyə qurduğu tuzakların hesabını verməlidir”.Qeyd edək ki, Barzaninin Türkiyəyə səfəri və az qala müstəqil bir dövlətin başçısı kimi qarşılanmasına təkcə MHP deyil, HDP xaric, demək olar bütün digər partiyalar da təpki göstərib. CHP sözçüsü Selin Sayek də olaya təpki göstərərək, AKP-nin bu yanaşmasına hamıdan öncə, iqtidarla yaxınlaşan Bahçelinin izahat verməsini istəyib. Mətbuatda və sosial mediada geniş müzakirə olunan mövzuya Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aydınlıq gətirməyə çalışıb və maraqlı nümunə göstərib. O bildirib ki, bir müddət öncə Tatarıstan Respublikası rəhbərliyinin Türkiyəyə səfərində Türkiyə və Rusiya bayraqları ilə yanaşı Tatarıstan bayrağı da protokola daxil edilib. Və burada qeyri-adi heçnə yoxdur. Bu açıqlama isə milliyətçilər tərəfindən uğursuz müqayisə və şəhidlərə qarşı hörmətsizlik kimi qələmə verilərək, qınağa səbəb olub. Hətta yerli analitiklər son bayraq qalmaqalının onsuz da kifayət qədər kövrək olan AKP-MHP münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar.pia.az