İnternetlə türkəçarə...

Murad Köhnəqala yazır...
Saxta diplomlu müəllimlər haqda eşitmişdik, budur, saxta diplomlu, ağ xalatlı həkimlərimiz də aşkar olundu. Bizimki də belə gətirib, qismətdən artıq yemək olmaz! Görünür, bəxtimizə, bir aylıq körpə üçün alma şirəsi resepti yazan həkimlər ölkəsində yaşamaq düşüb. Yazıq körpə hələ üstəlik ana bətnində ikən yanlış müalicələr alır, qeyri-sağlam qidalanır, əsəbi və yorğun valideynlərin psixi sarsıntılarına şərik olur.Maddi problemlə dolu ailədə dünyaya gələn körpəni xoşbəxt uşaqlıq gözləmir. Söhbət təkcə bahalı oyuncağın, brend geyimin əlçatmaz olmasından, barmağını uzatdığı şeyin alınmamasından getmir. Məsələ ondadı ki, sosial problemlər içində çabalayan valideynlər körpəyə xoşbəxt, rahat, sevgi dolu mühit yarada bilmirlər. Günün on beş saatını ağır işdə çalışan, evə yorğun və yuxusuz qayıdan ata, çölə geyinməyə “layiqli” paltarı, dişlərini düzəltdirməyə pulu olmayan, bütün günü deyinən əsəbi ana, dünya ilə tanışlığa yenicə başlayan uşağa hansı nikbin ortamı yarada bilər? Sosial problemlər üzündən ailələr dağılır, insanlar bədbəxt olur, uşaqlar kompleksli və natamam şəxsiyyət kimi böyüyürlər. Amma bundan daha təhlükəli, daha ağır bəla var: Savadsızlıq!  Xüsusilə, rayon yerlərində on dörd, on beş  yaşında məktəbdən çıxarılıb ərə verilən təhsilsiz, təcrübəsiz, avam qız uşaqları normal gənclik yaşamadan birbaşa arvadlığa yollanırlar. Dərhal da ana olmaq tələbi bir şərt kimi boyunlarına qoyulur. Halbuki o yazıqlar valideyn məsuliyyətinin nə demək olduğunu heç ağıllarına da gətirə bilmirlər. Dünyaya körpə gətirib yemləyərək böyütsələr də, uşaq psixologiyasından, anaya lazım olan bilgilərdən xəbərsizdilər.Belə erkən ərə verilmiş qızlar getdiyi ailədə gəlinlik eləməyə, bir arvad kimi uşaq doğub kor-koranə, necə gəldi saxlamağa məhkum edilirlər. Odur ki, bugünkü insanımızın şəxsiyyətində, təbiətində ortaya çıxan, şahidi olduğumuz bütün çatışmazlıqlar, qüsurlar, həmin “necə gəldi” uşaq böyütməyin, məşhur lətifədəki kimi “allah umuduna” yol getməyin nəticəsidi.Savadsızlıq maddi yoxsulluqdan çox-çox qorxulu bəladı. Əgər sadəcə, kasıbsansa, tutalım, övladına bahalı maşın yox, ucuz velosiped alacaqsan. Amma savadsız və cahilsənsə, uşaq bir şeydən qorxduğu zaman onu dinləyib, psixoloji yardım göstərmək əvəzinə molla yanına aparıb qorxu duası yazdıracaqsan. Evin künc-bucağına dua dürtən, pirdən torpaq gətirib suyunu balalarına içizdirən, xəyanət eləməsin deyə, ərinin çayına sidik qatan qadınlara uşaq böyütmə şansı vermək çox qorxuludu. Belə anaların himayəsində böyüyən uşaqların gələcəkdə dəli olma riski yüksək olur.Qəribədi ki, bu cahil qadınlar arasında inkişaf etmiş informasiya texnologiyalarının nailiyyətlərindən yararlananlar az deyil. Bir dəfə təsadüfən internetdəki qadın səhifələrindən birində onların müzakirə etdiyi mövzunu və yazılan şərhləri oxuyub  dəhşətə gəldim. Kompüter texnologiyasını tum kimi çırtlayan həmin xanımların sosial şəbəkələrdə belə geniş baza təşkil etdiyini bilmirdim. Uşağın qızdırmasını salmaqdan ötrü Məşhəddən gətirilmiş qum axtaran kim, qulaq ağrısına qarşı dua istəyən kim, düşməninin dil-ağzını bağlatdırmaq üçün falçı soraqlayan kim! Bir gənc ana isə körpə uşağın ayağının infeksiyadan şişib yara tökmüş şəklini paylaşaraq bunun türkəçarəsini soruşur. Yaxşı ki, aralarında “ay qız, bişmiş soğan nədi, uşağı təcili həkimə apar!” yazanlar da tapılır.  Profil fotosu əvəzinə qanı axan ürək, şehli qızılgül, hicablı maniken şəkilləri qoyan bu dindar və cindar xanımların təlim-tərbiyə verdiyi körpələrə ürəyim ağrıdı.  Söz yox, həmin qadınların özləri də təhsilsizliyin, şəriət təfəkkürünün qurbanlarıdı, lakin özləri bunu bilmir. Bu bilməzliyin sayəsində də yeni-yeni qurbanlar yetişdirirlər, beləcə, iyerarxiya davam edir.Yazının əvvəlində bir aylıq körpəyə alma şirəsi məsləhət görən həkimi xatırlamağım əbəs deyildi. Bugünlərdə ölkədə iki yüzə yaxın saxta həkim diplomu aşkar olunub. Obyektiv səbəbi hamımız bilirik, ali təhsil müəssisələrimizin əksəriyyəti elm öyrətmək əvəzinə diplom satmaqla məşğuldu. Lakin incə subyektiv səbəbi də görməmək olmaz: hər bir saxta həkimin arxasında oğlunu “doxdurlux oxutduran” kütbeyin və eqoist ana dayanır. (kulis)pia.az