Bakıda yeni yol istifadəyə verildi

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb
PİA.AZ “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib.İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb. Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması işləri aparılıb. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı da düzülüb. Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.pia.az