“ABŞ-ın yeni prezidentini böyük çətinliklər gözləyir”

Ekspertlər Donald Trampın son kadr təyinatlarını dəyərləndirir
ABŞ-ın yeni prezidenti Donald Tramp mühüm postlara namizədlərini təyin etməkdə, təyinatlar imzalamaqda davam edir. Artıq Pentaqon rəhbəri, dövlət katibi, daxili işlər naziri vəzifələrinə namizədlərini irəli sürüb. Bir sıra müşavirlərini təyin edib. Diqqətçəkən məqamlardan biri Trampın kadr seçimində daha çox təcrübəli, istefada olan generallara və böyük nüfuza malik biznesmenlərə üstünlük verməsidir. Bəs yeni prezidentin kadr təyinatlarından gələcək fəaliyyətlə bağlı hansı qənaətə gəlmək olar? AMİP-in beynəlxalq məsələlər üzrə katibi, politoloq Elşən Mustafayev bildirdi ki, Trampın son günlər mühüm dövlət vəzifələrinə namizədlərini açıqlaması ABŞ-da böyük müzakirələrə, hətta qalmaqallara səbəb olub: “Xüsusilə Reks Tillersonun dövət katibliyinə namizəd göstərilməsi demokratlar və hətta respublikaçıların bir hissəsi tərəfindən narazılıqla qarşılanıb. Tramp bu namizədlərin adlarını açıqlamaqla çox ciddi qarşıdurmanın, bəlkə də komandadaxili parçalanmanın əsasını qoyub. Bilirsiniz ki, ABŞ-da dövlət katibi postu çox mühüm və strateji vəzifədir. Putinlə şəxsi münasibətləri olan, Rusiyadan ”Dostluq" ordeni alan “Exson Mobil”in rəhbəri, milyarder Tillerson Rusiyaya qarşı sanksiyaların götürülməsinin, münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi tanınır.Belə olan halda Tramp üçün asan olmayacaq. Birincisi, dekabrın 19-da prezidenti təsdiq etməli olan seçilmiş seçicilərin səsverməsi olacaq. Ola bilər ki seçilmiş nümayəndələr onları seçən insanların iradəsinə zidd olaraq Hillari Klintonu prezident seçsinlər. Belə hal Amerika tarixində olub. Doğrudur, o zaman namizədlər arasında fərq böyük olduğu üçün mövqelərini dəyişən seçicilərin sayı nəticələrə təsir etməmişdi. İndi isə fərq elə də böyük deyil. İkincisi, mühüm dövlət postlarına olan təyinatlar mütləq Senatdan keçməlidir. Namizədlər senatorlar qarşısında çıxış edib zəmanət verməli, onların çoxsaylı suallarını  cavablandırmalıdırlar. Senatda isə çoxluq respublikaçıların tərəfində olsa da Trampın tərəfində deyil. Öz partiyasından ona qarşı xeyli senatorlar var. Məşhur antirusiyaçı Con Makkeyn də onların rəhbərlərindən biridir. Beləliklə, Senatda Trampın namizədlərinin qarşısı alına bilər və yeni namizədlərin təqdimatı tərəflərin ümumi razılığa gəlməsinə qədər uzana bilər. Təbii ki, proseslərin hər iki variantı Trampı qane etməyəcək. Amma ikinci variant onun üçün daha yumşaq görünür. Başqa tərəfdən, ola bilər ki, Tramp irəli sürdüyü namizədlərin Senatdan keçməyəcəyini öncədən bildiyi üçün məhz onları irəli sürüb ki, seçkiqabağı Rusiya ilə bağlı verdiyi vədləri yerinə yetirdiyi imitasiyasını yaratsın. Hesab edirəm ki, yaxın 1 ay Tramp üçün son dərəcə ağır olacaq. Çox ciddi müzakirələr, diskussiyalar və qərarların verilməsi məhz 1 ay müddətində baş verəcək".Politoloq Natiq Miri isə qeyd etdi ki, Tramp indiyədək ABŞ-ın bir çox beynəlxalq təşkilatlar qarşısında maliyyə cəhətdən götürdüyü öhdəlikləri ləğv etməklə ölkəni bu ağır yükün altından çıxarmaq istəyində görünür: “Bu məsələyə Avropa Birliyinin müdafiəsindən tutmuş, NATO-ya ayrılan maliyyə də daxildir. Əgər belə olarsa, bu, artıq ABŞ-ın dünyanı təkbaşına idarə etmək iddiasından vaz keçəcəyi anlamına gələcək. Bununla bərabər, ABŞ dövlət katibi vəzifəsinə bir neft şirkətinin rəhbərinin gətirilməsi və bu şəxsin Rusiya prezidenti Putinlə isti münasibətlərə malik olması göstərir ki, Tramp Kremllə münasibətləri nəinki düzəltmək, hətta bir qlobal məsuliyyəti bölüşmək niyyətindədir. Ayrıca peşəkar olmayan bir biznesmenin xarici siyasət idarəsinə rəhbərliyə gətirilməsi ABŞ və dünya ölkələri, mövcud olan münaqişələrin həlli üçün o qədər də yaxşı perspektiv vəd etmir. Nəzərə almaq lazımdır ki, Tramp özü də siyasət adamı deyil, geosiyasətdə naşıdır və hər şeyə biznes təfəkküründən yanaşan biri olduğu üçün ABŞ-a qlobal və regional siyasətdə bir çox boşluqlar buraxacağı ehtimalı da artır”.Ekspertin sözlərinə görə, Tramp Respublikaçılar Partiyasından seçilməsinə rəğmən, partiyadaşları tərəfindən ciddi dəstəyə malik deyil: “Ona görə də kadr seçimi əsasən şəxsi münasibətlər üzərində qurulur. Əsasən istefada olan qoca generalların vəzifəyə yenidən qaytarılması da göstərir ki, ABŞ-ın daxili və xarici təhlükəsizliyi baxımından əsasən mühafizəkar siyasət yürütməyə davam edəcək - hansı ki, Obama dönəmində bu sahələrdə ciddi boşluqlar və nöqsanlar ortaya çıxdı. Ancaq istefada olan generalların vəzifəyə gətirilməsi ABŞ-ın hansısa bölgələrdə savaşa qoşulacağı anlamına da gəlməməlidir. Çünki bu yöndə Trampın baxışları fərqlidir və ABŞ-ın hansısa savaşa birbaşa daxil olmasına qarşıdır. Tramp əsasən 20 trilyona yaxınlaşan ABŞ-ın daxili və xarici borcunu qapatmaq və yenidən istehsal sahələrini bərpa etməklə iqtisadi qüdrətini bərpa etməyə çalışacaq. Buna nə qədər nail olacaq, artıq bunu zaman göstərəcək”.(musavat.com)pia.az