Bankların “qara bazar”la işbirliyi xilas yoludurmu? – Ekspertdən açıqlama

Əkrəm Həsənov: “Banklar dollar satmamaqla və əllərində olan dolların bir qismini “qara bazar”a ötürməklə xilas olmaq deyil, nəsə qazanmaq məqsədini güdürlər”
“Məzənnəni elan etmisənsə, satmalısan. Əks halda, məzənnəni dəyiş, yəni devalvasiyaya get”.Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov bankların dollar satışını dayandırmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.Qeyd edək ki, Azərbaycanda dollar satmayan bankların sayı 26-a çatıb. Bankların dollar satışını dayandırması isə “qara bazar”ı canlandırıb. ABŞ valyutasının “qara bazar”da alış qiymәtinin baha olduğunu nəzərə alsaq, banklar "qara bazar"ı işə salmaqla özlərini xilas edə biləcəklərmi? Və dövlət bu qanunsuzluğu ortadan qaldırmaq üçün niyə addımlar atmır?Bu sualla PİA.AZ-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənova müraciət edib.Əkrəm Həsənov: “Mərkəzi Bankın özbaşınalıqları adi hal alıb”.Bankların əllərində olan dolların bir qismini “qara bazar”a ötürməklə müəyyən məqsədə çatmaq istədiklərini qeyd edən Əkrəm Həsənovun fikrincə, indiki şəraitdə bankların özlərinin də dollara tələbatı artıb:“Prinsipcə, banklar dollar satmamaqla və əllərində olan dolların bir qismini “qara bazar”a ötürməklə xilas olmaq deyil, nəsə qazanmaq məqsədini güdürlər. Çünki reallıqda bankların özünə də Mərkəzi Bank və Neft Fondu tərəfindən az dollar satılır. Bankların isə özlərinin də dollara tələbatı ilin sonunda artıb(həm öz ödənişləri, həm də daimi iri müştərilərinin ödənişləri üzrə). Buna görə də aldıqları dolların yalnız bir hissəsini “qara bazar”a ötürə bilərlər. O ki qaldı dövlətə, onun qarşısındakı problem belədir. Bir tərəfdən, növbəti kəskin devalvasiyaya getmək istəmir. Çünki əks halda banklar çökə bilər: dollar kreditlərini onsuz da ödəyən azdır, bundan sonra isə heç ödəyən olmayacaq. Amma digər tərəfdən də Mərkəzi Bank cari məzənnə ilə banklara dollar satmaq və bununla da ehtiyatlarının əriməsinə razı deyil. Təbii, bu qanunsuzdur: məzənnəni elan etmisənsə, satmalısan, əks halda, məzənnəni dəyiş, yəni devalvasiyaya get. Təəssüf ki, Mərkəzi Bankın özbaşınalıqları adi hal alıb. Bu da onlardan biridir”. Gülşən ŞƏRİFpia.az