Liviya ordusu Rusiyadan silah istədi

Liviya ordusunun baş komandanı general Xəlif Xaftar Rusiya rəhbərliyindən silah və hərbi texnika tədarük etməyi xahiş edib
APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” nəşrinə Rusiya diplomatik dairələrinə yaxın olan mənbə bildirib.    Məlumata görə, liviyalı generalın müraciətini ötən gün axşam saatlarında Rusiya tərəfinə Xəlif Xaftarın xüsusi elçisi, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Abdel Basset əl-Bədri təqdim edib. Abdel Basset əl-Bədrini Moskvada Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov qəbul edib.   “Görüş həqiqətən baş tutub. Əl-Bədri Moskvaya birgünlük səfər edib. Boqdanovla görüş zamanı embaqronun ləğv olunması və silah tədarükünün bərpası məsələsi müzakirə edilib. Liviyalılar atıcı silahlarla yanaşı, hərbi texnika, o cümlədən, təyyarələrin də tədarük olunmasını xahiş edirlər”, - deyə mənbə nəşrə bildirib.      Liviyaya silah tədarükünə qadağa 2011-ci ildə, ölkə lideri Müəmmar Qəddafiyə qarşı üsyanın  qızğın çağında qoyulub.    Qeyd edək ki, Xəlif Xaftar 2014-cü ildə seçilmiş parlamentə loyal olan Liviya ordusuna komandanlıq edir.  Parlament BMT-nin dəstəyi ilə Tripolidə yaradılan milli həmrəylik hökumətini dəstəkləməkdən imtina edib.   pia.az