Türkiyə daxili işlər nazirinin qəfil istefası

Türkiyə baş naziri Binəli Yıldırım daxili işlər naziri Əfqan Alanın istefası ilə bağlı qısa bəyanatla çıxış edib
Virtualaz.org xəbər verir ki, baş nazir bu qəfil istefanın səbəbləri barədə heç nə deməyib, “göstərdiyi xidmətlərə görə” ona təşəkkür etməklə kifayətlənib. Binəli Yıldırım elan edib ki, əmək və sosial müdafiə naziri Süleyman Soylu yeni daxili işlər naziri təyin olunub. Soyludan boşalan nazir postuna isə Mehmet Müezzinoğlu təyin edilib.Xatırladaq ki, bu gün Azərbaycan daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdə olub, türkiyəli həmkarı Əfqan Ala ilə görüşüb və Azərbaycanda da FETÖ tərəfdarlarının zərərsizləşdirilməsi üçün addımların atıldığını bildirib. Hərçənd ki, Əfqan Alanın istefasının bu görüşlə bağlılığı yoxdur.Əfqan Ala prezident Ərdoğanın ən sadiq adamı və “sağ əli” hesab olunurdu. O, texnokrat olaraq daxili işlər naziri təyin olunmuşdu və hüquq-mühafizə orqanlarını Fətullah Gülən tərəfdarlarından təmizləmək üçün 2013-cü ildən bəri kütləvi işdən çıxarmalar, həbslər həyata keçirirdi. 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması da böyük ölçüdə Əfqan Alanın prezidentə sadiqliyi sayəsində baş tutub. Onun əmri ilə xüsusi təyinatlı polis qüvvələri qiyam qaldırmış ordu bölmələri ilə döyüşə girib.Hərbi çevriliş cəhdinin qarşısının alınmasından sonra məhz Əfqan Alanın rəhbərliyi ilə Fətullah Gülən tərəfdarlarının, bu və ya digər şəkildə adı Gülən camaatı ilə hallandırılan şəxslərin kütləvi həbsi həyata keçirilməkdəydi. Vəzifəsindən qəfil ayrılan daxili işlər naziri on minlərlə hərbçinin, polisin, prokuror və hakimlərin, iş adamlarının, siyasətçi və idmançıların, təhsil işçilərinin FETÖ-çu kimi həbsinə rəhbərlik edib. Bu baxımdan onun qəfil istefasının səbəbləri qaranlıqdır.pia.az