“Sərkisyanın hakimiyyəti Bakıya sərf edir”

"Prezidentlərin Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir"
Bu sözlər politoloq Arzu Nağıyevin Axar.az-a verdiyi açıqlamada yer alır. Politoloq deyib ki, ATƏT-in Minsk Qrupu tezliklə Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsində olduqca maraqlıdırlar: “İndiyə qədər olan məsələlərdən müəyyən nəticələr çıxarmaqla artıq konkret addımların atılmasının vaxtı gəlib çatacaq. Ona görə də ATƏT-in Minsk Qrupu bu görüşün daha tez baş tutmasına çalışır. Bunun da öz səbəbləri var. Türkiyədə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir edir. Rusiya-Türkiyə yaxınlaşması, Rusiyanın regiondakı rolunu artırmaq təşəbbüsü, Ermənistanla sərhədlərin açılması məsələsi, NATO-Türkiyə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya biləcək amillərdəndir”. Politoloq bildirib ki, hazırda Ermənistanda baş verən hadisələr Sərkisyanın öz  hakimiyyətini saxlamaq üçün atdığı müvafiq siyasi gedişlərdir: “Bu gün Serj Sərkisyan hakimiyyətdən getsə, başqa biri ilə danışıqlara yenidən başlamalı olacağıq. Sərkisyan kimi zəif birinin Ermənistanda hakimiyyətdə qalması Azərbaycana sərf edir. Fransa görüşü nə qədər tez baş tutsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün o qədər müsbətə doğru addımlar atıla bilər. Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir. Bunu Qərb də, Rusiya və digər maraqlı dövlətlər də çox yaxşı başa düşürlər”. Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.pia.az