Nazirlikdən zavoddakı partlayışla bağlı daha bir məlumat

Müdafiə Sənayesi Nazirliyi Şirvanda "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar növbəti məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib. Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər. Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır. Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir. Hadisənin baş vermə səbəbləri ilə bağlı  məlumatlar araşdırmalardan sonra veriləcək. pia.az