Avropa Britaniyanı tez üzülüşməyə çağırdı

Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Böyük Britaniyada keçirilmiş referendumun nəticələri ilə bağlı birgə bəyanat yayıb
Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “Azad və demokratik proses nəticəsində Britaniya xalqı Avropa İttifaqından çıxmaq niyyətini ortaya qoydu. Biz buna təəssüflənirik, ancaq qərara hörmətlə yanaşırıq”.Bəyanatda qeyd olunur ki, Avropa İttifaqının rəhbərləri Böyük Britaniya hökumətindən xalqın qərarını mümkün qədər tez gerçəkləşdirməyi gözləyir: “Ləngimək qeyri-müəyyən vəziyyətin uzanmasına səbəb ola bilər”.İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların 52%-i Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdar çıxıb.1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının daha 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.Avropa İttifaqından çıxmaq proseduru Lissabon razılaşması ilə tənzimlənir. Həmin razılaşmaya görə, London iki il ərzində Avropa İttifaqının hər bir ölkəsi ilə ayrılmağın şərtlərini razılaşdırmalıdır. Ölkənin Avropa İttifaqından tam ayrılması bir neçə il çəkə bilər.pia.az