“Yaxın, uzaq Qarabağ” filminin çəkilişləri başlayır

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yaxın, uzaq Qarabağ” sənədli filminin istehsalına başlayır
Lent.az-ın məlumatına görə, film Əfqanıstanda yaşayan və vaxtıyla Qarabağdan köçürülərək bu ərazilərə yerləşdirilmiş soydaşlarımızdan bəhs edəcək. Tarixdən də məlumdur ki, Nadir şahın hakimiyyəti illərində Qarabağdan soydaşlarımızın böyük bir hissəsi Əfqanıstana sürgün olunub. Bunların içərisində həm bütöv ailələr, həm də ayrı-ayrı tayfalar da olub. Ancaq üstündə 3 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqanıstanda yaşayan soydaşlarımız bu gün də kompakt şəkildə yaşayaraq öz milli kimliklərini, adət-ənənələrini və dilini qorumaqda davam edirlər. Uzun illərdir ki, yaşamağa məcbur olduqları həmin yerlərdə normal, stabil həyatın olmamasına baxmayaraq, bu gün də Əfqanıstanda yaşayan soydaşlarımız öz doğma vətənləri barədə düşünür, burada baş verənlərlə maraqlanırlar.Filmdə Əfqanıstanın müxtəlif bölgələrində - Kabul ətrafında yerləşən Qarabağ bölgələrində, o cümlədən Qarabağ bazar, Əfşar Qarabağ. Qarabağ Dəhnəsi və başqa ərazilərdə yaşayan soydaşlarımızın həyat tərzin, adət-ənənələrin, dilimizə bağlılığı, ölkəmiz haqda düşüncələrini və.s. lentə alınacaq.pia.az