“Çox mütaliə edin, amma hər şeyi oxumayın”

Kitabla bağlı sualları telejurnalist Dilarə Səlim cavablandırır
.- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılardır? Nələr qalıb yadınızda? - Mən  rus bölməsində oxuduğum üçün demək olar ki, bütün rus və bir çox dünya klassiklərini  məktəbdə oxumuşam. - Heç kitab oğurladınızmı? - Məktəb kitabxanasından Pasternakın “Doktor Jivaqo”sunu alıb geri qaytarmamışam. - Şəxsi kitabxananız var? - Böyük kitabxanam var. Atamdan qalan və sonra da özüm aldığım kitablardır. “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından olan kitablara abunə yazılmışam. 150 kitabdan ibarətdir. - Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı? - Var. Marsel Prustun “İtirilmiş zamanın axtarışında”. Hələ də bitirməmişəm. - Məktəbdə, universitetdən dərs kitablarınız dururmu? - Təəssüflər olsun ki, dərs kitablarım qalmayıb. Lakin universitetdə yazdığım mühazirələr hələ də durur. - Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı? - Yazı yazmağı. - Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz? - Kağızdan və ya dəridən olan kitab arası (zakladka) qoyuram. - Şeir əzbərləyirsiniz? - Məktəb vaxtından əzbərlədiyim şeirlərin çoxu yadımdadır. - İlk oxuduğunuz kitab yadınızdadır? - Puşkin “Qızıl xoruz haqqında nağıl”. İlk roman M.Rid “Başsız atlı” - Kitab bağışlamısınız? - Çox. - Sizcə, aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır? - Savadlı, bilikli və məlumatlı olmalıdır. - Axırıncı dəfə nə zaman kitab oxumusunuz? - Hal-hazırda Yasunari Kavabatanın “Qarlı diyar”ını oxuyuram.  - Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz? - Vaxtını səmərəli və faydalı istifadə edən adam olduğunu düşünürəm. - Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı? - Zənnimcə, var, lakin çox deyillər. - Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes... - Bir vaxtlar hekayə və şeir yazmışam. - Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız? - Afaq Məsud, Aqşin Yenisey, Seymur Baycan, Səlim Babullaoğlu, Çingiz Abdullayev. - Svetlana Aleksiyeviçi tanıyırsız? - Belarus yazıçısı  və Nobel mükafatçısı olduğunu bilirəm. Amma təəssüflər olsun ki, heç bir əsərini oxumamışam. - Səmavi kitablardan hansıları oxumusunuz? - İncili və Quranı. Amma hələ də oxumuş və ələlxüsus da dərk etmiş sayılmıram. - Son olaraq tamaşaçılara, oxuculara sözünüz. - Çox mütaliə edin, amma hər şeyi oxumayın. “Oxuyan insan - düşünən insandır” deyirlər. Hər zaman düşünməyi arzulayıram!(kulis)pia.az