Azadlıq prospekti açıldı

Azadlıq prospektinin bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib
Azəravtoyol ASC-dən verilən məlumata görə, təmir olunmuş hissənin uzunluğu təqribən 500 metrdir və Ziya Bünyadov prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişmələri arasında yerləşir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 1 min p/m köhnə səki daşları yeniləri ilə əvəzlənib. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. Hazırda prospektin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. Qeyd edək ki, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.pia.az