“Hökumət AXCP-nin təkliflərini dəyərləndirməlidir”

Qorxmaz İbrahimli: “Əsas məsələ hökumətin bu təklifləri həyata keçirməsidir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi islahatlarla bağlı Təkliflər Paketi bir neçə gün öncə ictimaiyyətə təqdim edildi. Qeyd edək ki, AXCP-nin ilk 2 təklifi turizim, ağır və yüngül sənayenin inkişafı ilə bağlı idi. Son günlər cəmiyyətdə əsas müzakirə mövzusu olan təkliflər paketində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Assosiasiya Sazişinin imzalanması, Seçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi kimi müddəalar da yer alır. AXCP-nin Təkliflər Paketində yer alan bu müddəalara münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli bildirir ki, bu təkliflər tədqirəlayiqdir: “Hər bir siyasi partiya və təşkilat böhranla bağlı çıxış yollarını göstərməkdədir. Əsas məsələ hökumətin bu təklifləri həyata keçirməsidir. Müxalifətdən hakimiyyətə dövlətimizin, millətimizin böhrandan çıxması üçün təklif etdiyi paket əslində uğurlu yollardan biridir”. Seçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi haqda fikirlərini bildirən Q.İbrahimli qeyd edib ki, bununla bağlı xüsusilə 2005 və 2010-ci il seçkilərində Venesiya Komissiyasının tələbləri hökumətdə geniş müzakirə olundu. “Ancaq təəssüflər olsun ki, bəzi hakimiyyət yetkililəri buna baxmaq istəmir, gözardı edir. Bu gün də o məsələlərə qayıtmaq olar. Ancaq bu məsələlərə dönmək yox, islahatlar aparmaq lazımdır. Ölkədə siyasi islahatlar aparılmasa, demokratiya inkişaf etdirilməsə, böhrandan çıxmaq mümkün deyil. Ümumilikdə müxalifətin hakimiyyətə təkliflər verməsi tədqirəlayiqdir, ancaq hakimiyyət bunu həyata keçirəcəkmi? Bu, müəmmalı məsələdir”. (cebhe.info)pia.az