Vahid Əhmədovdan Avrointeqrasiya çağırışı

“Bu təkcə iqtisadi yox, həm də siyasi kontraktdır”
Milli Məclisin bugünki iclasında millət vəkili Vahid Əhmədov 7 neft şirkətiylə imzalanan “Şahdəniz-2” layihəsinin işlənməsi barədə müqavilənin önəmindən və Avropaya inteqrasiya xətti götürülməsinin vacibliyindən danışıb. Moderator.az deputatın çıxışını təqdim edir:“Vilnüs sammitindən sonra Moldova və Gürcüstanın Avropa İttifaqı ilə assosativ üzvlüyə imza atması, Azərbaycanınsa Avropa Birliyi ilə sadələşmiş viza rejiminə imza atması bir daha dünya siyasətində ciddi problemlərin yarandığından xəbər verir. Son vaxtlar Ukraynada baş verən hadisələr, bu ölkə ətrafında cərəyan edən siyasi poseslər Azərbaycanın strateji müttəfiqi olan bir dövlətdə yaşananlar hadisələr xalqımızı və bir millət vəkili olaraq məni narahat edir. Bu gün Azərbaycanla bir neçə Avropa ölkəsiylə çox mühüm bir saziş imzalandı. Belə hesab edirəm ki, 20-ci əsrdə Heydər Əliyev təəfindən “Əsrin neft kontraktı” imzalanmışdısa, 21-ci əsrdə də İlham Əliyev tərəfindən əsrin qaz kontraktı imzalandı. Bu müqavilə də Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında başlıca amil rolu oynayacaq. Bu kontrakt yalnız iqtisadi yox, həm də bir siyasi müqavilədir. Azərbaycanın dövlət başçısı sonuncu seçkilərdə seçiləndən sonra inauqurasiiya mərasimindəki çıxışında Azərbaycanın Avropaya inteqrasiyasının xüsusi bir xətt olduğunu diqqətə çatdırdı. Bu layihə bir də ona görə önəmlidir ki, Xəzər dənizinin statusu müəyyən olunmasa belə onun karbohidrogen ehtiyatlarından dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində çox gözəl istifadə edilir. 1.2 trilyon kubmetr qaz ehtiyyatı olan “Şahdəniz-2” yatağının 7 mühüm neft şirkətiylə birgə bu kontrakta imza atılması Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün əsas amillərdən biridir. Millət vəkili olaraq mən də bəyan etmək istəyirəm ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət, yəni Avropaya intqerasiya xəttinin əsas götürülməsi alqışa layiqdir. Bir daha bu sazişin imzalanması münasibətilə xalqımı təbrik edir, dövlət başçısına bu yolda uğurlar arzılayıram.”