Daha üç uşaq bağçasında rəzalət

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu dəfə Mingəçevirdə yerləşən uşaq bağçalarında yoxlama aparıb
Komitədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.Mingəçevir şəhəri, A.Qurbani küçəsində yerləşən 5 saylı “Arzu” körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə uyğun olmayıb. Belə ki, qidalanma azyaşlıların yataq otağında həyata keçirilib, müəssisənin mətbəxi və anbarı standartın tələblərinə və sanitariya qaydalarına cavab verməyib, naharda qida çatışmazlığı müşahidə olunub, anbarda isə lazımı ərzaqlar olmayıb.Mingəçevir şəhəri, İslamzadə küçəsi, 5 ünvanında yerləşən 12 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Belə ki,  yataq otağında nahar edən azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib. Ərzaq məhsulları rütubətli anbarda, üstəlik yuyucu kimyəvi vasitələrlə bir yerdə saxlanılıb. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları olmayıb.Komitənin araşdırma apardığı növbəti bağça isə Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 10 nömrəli uşaq bağçası olub. Məlum olub ki, bağçada qəbul edilən ərzaq məhsullarının saxlanılması üçün havalandırma sistemi, stellaj və paddonları, soyuducu kamerası olmayan yararsız vəziyyətdə və təmirə ehtiyacı olan kiçik bir sahədən anbar kimi istifadə olunur. Araşdırma zamanı o da məlum olub ki, uşaqlara ümumiyyətlə mal əti və balıq məhsulları verilmir. Anbarda üzərində istehsal tarixi olmayan, markalanması və qablaşdırılması standartın tələbinə cavab verməyən toyuq əti, mənşəyi məlum olmayan kəsmik, pendir, yağ, povidla, yararlılıq müddətinin bitməsinə az müddət qalmış makaron məmulatları, un, düyü və qarabaşaq aşkarlanıb.Həmçinin müəyyən edilib ki, bağçanın mətbəxində uşaqlar üçün yemək hazırlanması üçün lazımi şərait mövcud deyil. Komitə araşdırmaları davam etdirir.