Avrasiya Universitetlər Birliyinin sədri Bakıda səfərdə olub - Fotolar

Mustafa Aydın: ""Study in Azerbaijan" markasını dünyaya tanıtmalıyıq"
Avrasiya Universitetlər Birliyinin(EURAS) sədri, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Dr. Mustafa Aydın Azərbaycanda səfərdə olub. Türkiyəli qonaq Azərbaycana Bakıda keçirilən Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak etmək üçün gəlib. Mustafa Aydın səfər çərçivəsində Azərbaycan Təhsil nazirinin müavini Ceyhun Bayramovla görüşüb. Nazir müavini ilə EURAS sədri arasında baş tutan görüşdə əsas müzakirə mövzusu EURAS-ın 2016-cı ilin fevral ayında İstanbulda keçirəcəyi Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi (EURİE) olub. Dr. Mustafa Aydın zirvə haqqında məlumat verərək, Azərbaycan universitetlərinin bu toplantıda "Azərbaycan Təhsil"(Study in Azerbaijan) markası altında iştirakının əhəmiyyətinə diqqət çəkib.Nazir müavini C.Bayramov Azərbaycan univesitetlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bu istiqamətdəki bütün təkliflərin müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.Avrasiya Universitetlər Birliyinin(EURAS) sədri Dr. Mustafa Aydın daha sonra ADA Universitetinin rektoru, Xarici işlər nazirinin müavini Hafiz Paşayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə görüşüb. Hər iki rektorla keçirilən görüşlərdə də əsas müzakirə mövzusu 2016-cı ilin fevral ayında İstanbulda baş tutacaq Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi (EURİE) olub. Dr. Mustafa rəhbərlik etdiyi Avrasiya Universitetlər Birliyi və EURİE zirvəsi haqqında geniş məlumat verib. O, qeyd edib ki, ADA Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən öndəgedən və beynəlxalq əlaqələri geniş ali təhsil ocaqlarındandır. M.Aydın hər iki görüşdə təhsil sektorunda "Study in Azerbaijan" markasının dünyaya tanıdılmasının vacib olduğuna diqqət çəkib.ADA Universitetinin rektoru, Xarici işlər nazirinin müavini Hafiz Paşayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ayrı-ayrılıqda Azərbaycan təhsilindəki son yeniliklərdən söz açıblar. Onlar Azərbaycan universitetlərinin beynəlxalq əlaqələrə böyük önəm verdiyini və bu qəbildən olan zirvələrdə iştiraka maraqlı olduqlarını diqqətə çatdırıblar.(editor.az)pia.az