“Türkiyə 70-ci illərə qayıdıb”

Qərb mediasının aparıcı mövzularından biri oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada baş verən partlayışdır
Qoşa partlayışlarda 90-dan çox insan həlak olub, yüzlərlə yaralı var. Baş nazir Əhməd Davudoğlu hücumu Türkiyə tarixində “ən ağrılı insident” adlandırıb."The New Yorker"də Robin Urayt yazır ki, bu hücum Suriya ilə sərhəddə, yaxud İstanbulda deyil, mərkəzdə, darıxdırıcı sənaye şəhəri olan Ankarada baş verdiyi üçün xüsusilə diqqət çəkir.Vudro Vilson adına Elmi Mərkəzdən Henri Barki deyir ki, prezident Rəcəb Tayyib Ərdoğan heç vaxt bu qədər problemlə üz-üzə qalmayıb. Noyabrın 1-də parlament seçkiləridir, iyundakı seçkidən sonra yeni hökumətin formalaşdırılması alınmadı. Ərdoğan seçkidən iki həftə sonra “Böyük 20-liyin” sammitinə də ev sahibliyi edəcək.Bu arada kürdlərlə kövrək sülh prosesi də iflasa uğrayıb. Üstəlik, ölkə regional xaosa sürüklənib. Qonşu Suriyadakı vətəndaş müharibəsi nəticəsində 2 milyon qaçqın bu ölkəyə sığınıb.Müəllif yazır ki, cəmi 4 il öncə Yaxın Şərqdə “ərəb baharı” tüğyan edəndə Türkiyə müsəlman dünyasına demokratik dəyişiklik gətirəcək ölkə modeli kimi təqdim olunurdu. Ərdoğan deyirdi ki, ölkəsi dörd sütun - demokratik, dünyəvi, sosial və hüquqi dövlət üzərində dayanıb.Ancaq Rusiya prezidenti Vladimir Putin kimi Ərdoğan da siyasi sistemlə manipulyasiya edib, baş nazir postundan prezident postuna keçib, Ərdoğanın rəhbərliyi getdikcə avtoritarlaşıb. Mediaya qarşı senzura artıb. İqtisadiyyat da zəiflədikcə türklər bir partiyanın dominantlığına qarşı çıxmağa başlayır.“10 illik sabitlikdən sonra Türkiyə əvvəlki dönəmə qayıtmağa başlayır - 70-ci illərin sonlarına. O zaman küçədə solçu və sağçıların toqquşmalarında 450 nəfər həlak olmuşdu. Yaxud 1984-cü ildən sonra PKK ilə savaş başladı” - bunu Xarici Əlaqələr Şurasından Stiven A.Kuk deyir (“Azadlıq” radiosunun xülasəsi).pia.az