Rusiya-Türkiyə qarşıdurması Azərbaycana necə təsir edə bilər?

Elxan Şahinoğlu: “Azərbaycanı çətin seçim gözləyə bilər”
“Rusiya Türkiyə, Avropa, Amerika ilə münaqişədədirsə, bu dövlətlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin həlli imkansız görünr”.Bu sözləri PİA.AZ-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Xatırladaq ki, dünən Türkiyə prezidenti  R.T.Ərdoğan Rusiyaya qarşı sərt bəyanatla çıxış edib. Rusiya təyyarələrinin Türkiyə hava sahəsini pozması ilə bağlı Kremlin verdiyi izahı yetərli saymayan Tühkiyə prezidenti Yaponiyaya səfərə gedərkən hava limanında bildirib ki, Rusiya özünün əsas dostlarından biri itirə bilər. Həmçinin Türkiyə prezidenti bildirib ki, Türkiyə Rusiya qazından imtina edə bilər. Qeyd edə ki, Türkiyə Almaniyadan sonra "Qazporom"un ikinci böyük müştərisidir.Bəs Rusiya Suriyada hərbi əməliyyatlarını daha da dərinləşdirdiyi halda Türkiyə ilə Rusiya münasibətləri cığırından çıxa bilərmi? Və bu baş verərsə, qarşıdurmanın Azərbaycana təsiri necə olacaq? PİA.AZ-ın əməkdaşı bu suallarla politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna müraciət edib. Elxan Şahinoğlu: “Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermir”Politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyə-Rusiya münasibətləri gərginləşərsə, Dağlıq Qarabağ məsələsi arxa plana keçəcək:“Rusiya təyyarəsi iki dəfə Türkiyə sərhədini pozub. Bu təsadüfdürsə, təsadüf bir dəfə olar. Rusiya bir daha təyyarə ilə sərhədi pozarsa, Türkiyə Rusiya təyyarəsini vuracaq. Bu isə Rusiya-Türkiyə münasibətlərinin tamamilə pozulması anlamına gələcək ki, heç bir tərəfin maraqlarına xidmət etmir. Ərdoğan doğru qeyd etdi ki, bundan daha çox Rusiya itirəcək. Yəni ki, Rusiyanın həm siyasi, həm də iqtisadi itkiləri çox ola bilər. Çünki Türkiyə Rusiya üçün böyük qaz bazarıdır. Bu baxımdan münasibətlər gərginləşərsə, Rusiyanın itkiləri çox olacaq. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Türkiyə Azərbaycanın siyasi  mütəffiqdir, eyni zamanda Azərbaycan Rusiya ilə qonşuluq, dostluq münasibətlərini davam etdirmək istəyir. Qarşıdurma olarsa, Azərbaycanı çətin seçim gözləyə bilər. Dağlıq Qarabağ məsələsi də arxa plana keçə bilər. Bu gün Rusiya Türkiyə, Avropa, Amerika ilə münaqişədədirsə, bu dövlətlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün görünmür”.Gülşən ŞƏRİFpia.az