Baş prokuror QHT-lərə və jurnalistlərə xəbərdarlıq etdi

Əgər QHT-lər və jurnalistlər korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər
"Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir". Bnu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib. O, deyib ki, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb:"Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil".`Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib` - deyən Zakir Qaralov deyib ki, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır.Baş prokuror həmçinin bəzi QHT-lərin fəaliyyətinə də toxunub: "Bəzi QHT-lər var ki, dövlətin qanunlarına hörmətlə yanaşmır və dövlət qeydiyyatından keçmirlər. Belə QHT-lər əldə etdikləri maliyyə ilə bağlı dövlətin rəsmi qurumlarına məlumat vermirlər. QHT ilə məşğul olan şəxslərə, jurnalistlərə sözüm odur ki, dövlətin qanunlarına əməl etsinlər. Qanun pozulmayacaqsa, prokurorluq bunların barəsində araşdırma aparmayacaq. Əgər bunlar korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər".pia.az