Razi Nurullayev fəaliyyətə başlayan saytından danışdı

Narazı cəbhənin saytı “cebhe.info” adlanır; yeni AXCP-nin qurultayı nə vaxtdır?
AXCP sədrinin sabiq müavini, yeni yaradılan Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayevin yeni saytı fəaliyyətə başlayıb. “Cebhe.info” adlanan sayta Rəfail Becanov rəhbərlik edəcək. Eyni zamanda, yaxın günlərdə R.Nurullayevin təsisçiliyi ilə “Cümhuriyyət” qəzeti fəaliyyətə başlayacaq. Qəzetin də baş redaktoru R.Becanov olacaq. AXCP adına və möhürünə iddialı olan R.Nurullayev yeni saytın əsasən, siyasi istiqamətlərdə fəaliyyət göstərəcəyini bildirdi: “Sayt ciddi şəkildə siyasi istiqamətlərdə fəaliyyət göstərəcək. Əsasən, dövlətçilik ənənəsini oturuşdurmağa çalışacaq. Eyni zamanda, ölkəmizdə siyasi proseslərin aktivləşdirilməsinə də səylər göstəriləcək. Saytın əsas məqsədlərindən biri də, Azərbaycanda Türkiyə modelli siyasətin tətbiq edilməsinə nail olmaq olacaq. Sivil, kübar bir siyasət yaranmalıdır ki, bundan vətəndaşlarımızın hamısı yararlana bilsin. Saytda yeni simalara, siyasətçilərə yer veriləcək. Bu insanlar cəmiyyətə təqdim olunmalıdır. Çünki cəmiyyət çoxdan yeni simaları görmək istəyir. ”Cebhe.info"da “AĞ blok”dan olan insanlara xüsusi yer ayrılacaq. Yəqin ki, qəzetdə də bu istiqamətdə müəyyən işlər görülür".R.Nurullayev tezliklə fəaliyyətə başlayacaq qəzetdən də söz açdı: “Yaxın günlərdə ”Cümhuriyyət" qəzeti təsisçiliyim altında fəaliyyətə başlayacaq. Anonsu artıq verilməkdədir. “Cümhuriyyət” qəzeti eyni dizaynda, eyni məfkurə ilə oxucuların ixtiyarına veriləcək. Qəzet mənim rəhbərliyimlə olsa da, heç bir müdaxilə etməyəcəm. Mətbuat orqanımız bütün insanlara söz haqqı verəcək. Amma heç bir təhqirə, yoxlanılmamış, şantaj tipli məlumatlara yel verilməyəcək. Kiminsə şəxsi maraqlarına xidmət edən mətbuat orqanı olmayacağıq. Yalnız Azərbaycan xalqının maraqlarına xidmət edəcəyik. Dövlətçiliyimiz öndə olacaq".R.Nurullayev bu ayın sonu, ya da gələn ayın əvvəli qurultaylarını keçirəcəklərini də qeyd etdi: “Konfranslar üzərində gərgin işləyirik. Güman edirəm ki, bu ay ərzində yekunlaşdıracağıq. Bu ayın sonu, yaxud gələn ayın əvvəli qurultay gözlənilir. Yalnız rayon təşkilatları konfranslarımız qalıb”.Qeyd edək ki, Nərimanov rayon şöbəsinin daha 2 nəfər üzvü-Quliyev Mikayıl və Mehdiyev Maarif Əli Kərimlinin yürütdüyü siyasətə  etiraz olaraq,  Razi Nurullayevin  sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat  Komitəsinə qoşulduqlarını bəyan ediblər. Bu barədə “Yeni Müsavat”a verilən xəbərə görə, yaydıqları bəyanatda onlar Ə.Kərimlinin partiya daxilində yaratdıqları avtoritarizmə, özbaşınalığa  etiraz etdiklərini bildirirlər:  “Bundan sonrakı fəaliyyətimizi Razi Nurullayevin rəhbərlik etdiyi əsl AXCP-də həqiqi cəbhəçilərlə çiyin-çiyinə davam etdirəcəyik. Gənc dostlarımıza səslənirik. Ayrılın, əsl cəbhəçilərin yanına gəlin”. (musavat.com)pia.az