ABŞ administrasiyası İİ üçün istifadə olunan data-mərkəzlərin genişlənməsinə yeni qaydalar tətbiq etməyə hazırlaşır...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası süni intellekt sahəsində fəaliyyət göstərən ən iri texnologiya şirkətlərini data-mərkəzlərin genişləndirilməsini tənzimləyən yeni razılaşmanı imzalamağa çağırır. Politico nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evin təklif etdiyi öhdəliklər enerji tutumlu data-mərkəzlərin fəaliyyəti nəticəsində əhali üçün elektrik enerjisi qiymətlərinin artmasının qarşısını almağı, su ehtiyatlarının tükənməməsini və enerji şəbəkələrinin etibarlılığının qorunmasını hədəfləyir.
Müzakirə olunan razılaşmalara əsasən, şirkətlər öz data-mərkəzləri üçün zəruri olan yeni enerji infrastrukturunun tikintisini öz vəsaitləri hesabına maliyyələşdirməli olacaqlar. Eyni zamanda, texnologiya nəhəngləri tənzimləyici qurumlarla birlikdə tariflərin müəyyənləşdirilməsi üzərində işləyərək, bütün mümkün vasitələrlə adi vətəndaşlar üçün elektrik enerjisinin bahalaşmasına yol verməmək öhdəliyini üzərlərinə götürməlidirlər.
Politico yazır ki, razılaşma çərçivəsində fövqəladə hallar zamanı yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatını qorumaq məqsədilə şirkətlərin data-mərkəzlərə enerji verilişini könüllü şəkildə məhdudlaşdırması da nəzərdə tutula bilər. Bundan əlavə, Ağ Ev texnologiya şirkətlərindən istifadə etdiklərindən daha artıq həcmdə su ehtiyatlarını bərpa etmələrini, eləcə də yaşayış ərazilərində səs-küyün və nəqliyyat yükünün azaldılması üçün əlavə tədbirlər görmələrini istəyir.
Nəşrin qeyd etdiyi kimi, bu təşəbbüs əhali arasında elektrik enerjisi ödənişlərinin artması ilə bağlı narazılığın güclənməsini yumşaltmağa yönəlib. Politico vurğulayır ki, iri texnologiya şirkətləri artıq data-mərkəzlərin mənfi təsirlərini azaltmaq üçün addımlar atmağa başlayıblar. Belə ki, ötən ay Microsoft enerji üçün daha yüksək ödəniş etməyi, infrastruktur xərclərini öz üzərinə götürməyi və hətta yerli vergi güzəştlərindən imtina etməyi öhdəsinə götürüb. Google isə Corciya ştatında üç il müddətinə elektrik enerjisi qiymətlərinin dondurulmasını nəzərdə tutan razılaşma imzalayıb.
Poliqon.info